Bununla yanaşı ölkəmiz Beynəlxalq Təşkilatlarla da yüksək səviyyəli əməkdaşlıq edir. Beynəlxalq Təşkilatlarla bu cür əməkdaşlıqlar beynəlxalq əlaqələrin möhkəmləndirilməsi ilə nəticələnir.
Bunlardan biri də Avropa İttifaqı (Aİ) təşkilatıdır. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı ilə Azərbaycanın yüksək səviyyəli tərəfdaşlığı bu gün də davam edir.

Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edir ki, Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaşdır:
"Bu gün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunması Avropa üçün prioritet olaraq qalmaqdadır. Telefon danışığında bu bir daha qeyd olunub.
Aİ Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib.
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəkilib. Bütövlükdə ixracatımızın təxminən 48 %-ə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır”.
Deputatın sözlərinə görə, Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur:
"Bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır.
Son Brüssel görüşləri və qarşılıqlı telefon zəngləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir”.
V.Bayramov bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır:
"Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın geclənməsinə önəm verir. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu da artmaqdadır. Ötən il ölkəmizdə 43,9 milyard kub metr mavi qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Eyni zamanda 2018-ci illə müqayisədə Azərbaycan mavi qaz ixracatını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qaz nəqli həyata keçirilir. Ötən il Avropa İttifaqına 9 milyard kub metrə yaxın mavi qaz nəqli həyata keçirilib. Bu il bu rəqəmin 10 milyard kub metrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyindən xəbər verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır”.
Ölkəmiz hər zaman qonşu dövlətlərlə də münasibətlərin yüksək səviyyədə qurulmasına çox böyük önəm verir. Regionda hər zaman sülhün, sabitliyin tərəfdarı olan, dövlətlər arasında dostluq münasibətlərinin qurulmasını dəstəkləyən Azərbaycana qarşı təəssüf ki, bəzən təxribat xarakterli addımlar atanlar da olar. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr bəzən qonşularımızda da olur. Ölkəmizdə qarşı kimin hansı niyyətdə olsuğunu 44 günlük Vətən müharibəsində daha yaxşı bildik. Elə bizə dost deyən qonşu İrandan işğalçı Ermənistana dəstək göstərilməsi müşahidə edildi. Son zamanlar İranda ölkəmizə qarşı təxribatçı qüvvələrin yenə də baş qaldırdığını görürük.

"Son vaxtlar İranbaşı saytlarda ölkəmizdə qarşı təxribatlar müşahidə olunur. Müəyyən qüvvələr, dairələr var ki, onlar Azərbaycanla münasibətlərin yüksək səviyyədə qurulmasına maneçilik törətməyə çalışır, Azərbaycanın inkişafını həzm edə bilmir. Heç bir halda İranda baş qaldıran təxribatçı qüvvələrin təsiri altına düşməməliyik”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O, qeyd edib ki, ölkəmizə qarşı təxribatlı tendensiya yenə də fəallaşıb:
"Son vaxtlar İranbaşı saytlarda ölkəmizdə qarşı təxribatlar müşahidə olunur. Bu tendensiya yenə də fəallaşıb. Eyni zamanda onların əlaltıları da sosial şəbəkələrdə müəyyən çağırışlar edirlər. Bu, təəssüf doğurur. İran bir tərəfdən Azərbaycanla qonşuluq münasibətlərini yüksək səviyyədə qurulmasından danışır. Başqa bir tərəfdən də müəyyən qüvvələr, dairələr var ki, onlar Azərbaycanla münasibətlərin yüksək səviyyədə qurulmasına maneçilik törətməyə çalışır. Azərbaycanın inkişafını həzm edə bilmir. Ən müxtəlif bəhanələrlə bizi təhdid etməyə çalışırlar. Biz bu məsələləri diqqətdə saxlamalıyıq”.
Deputat qeyd edib ki, Azərbaycan həmişə qonşu dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasın əlindən gələni edib:
"Bir neçə gün bundan qabaq Azərbaycan XİN naziri Ceyhun Bayramovun İrana getməsi, oradakı yüksək səviyyəli görüşləri Azərbaycan və İranın dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan həmişə qonşu dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasın əlindən gələni edib, o cümlədən İranla. Çünki Azərbaycan həmişə qonşu dövlətlərlə münasibətlərin müsbət şəkildə davam etməsi prinsipinə əməl edib. İran bir tərəfdən Azərbaycanla rəsmi formada münasibətlərin yüksək şəkildə qurulmasını ifadə etsə də, lakin ölkə daxilində qeyd etdiyim bu cür hallar davam edir”.
F.Ağamalı həmçinin vurğulayıb ki, biz bu cür məsələləri diqqətdə saxlamalıyıq:
"Cəmiyyət olaraq biz də bu məsələləri diqqətdə saxlamalıyıq. İki ölkənin münasibətlərinin mahiyyətinə ziyan verən, onu mənfi istiqamətə yönəltməyə çalışanlara qarşı sərt münasibətimizi ortalığa qoymalıyıq”.
Dünyada gedən çətin, ziddiyətlər proseslər üzərindən Azərbaycan bütün qonşuları ilə münasibətlərdə cənab Prezidentin müəyyən etmiş olduğu siyasətin mahiyyətinə uyğun olaraq davranışlarımızı ortaya qoymalıyıq. Heç bir halda İranda baş qaldıran təxribatçı qüvvələrin təsiri altına düşməməliyik”.
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxaq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
