Azərbaycanın Müəllif Hüquqları Agentliyi İran müğənnisi Ququşun “Gedək üzü küləyə” adlı Azərbaycan mahnısının erməni mahnısı kimi təqdim etməsinə kəskin münasibət bildirib. Məsələ burasındadır ki, əslən azərbaycanlı olan İran müğənnisi Ququş “Gedək üzü küləyə” adlı Azərbaycan mahnısını erməni dilində oxuyub. Mahnı artıq internetdə də yerləşdirilib. Müəllif Hüquqları Agentliyinin yaydığı məlumata görə, bu mahnının musiqi müəllifi Elza İbrahimova, sözlərinin müəllifi Əlağa Kürçaylıdır. Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın repertuarında olan ən məşhur mahnılardan biridir. Bu mahnını Azərbaycanın tanınmış müğənnisi Gülağa Məmmədov da oxuyub. Amma məsələ bundadır ki, bir mahnını başqa dildə oxuyursansa, mütləq mahnının hansı xalqa məxsus olduğu, müəllifləri kim olduğu göstərilməlidir. Təəssüflər olsun ki, Ququş bu mahnını oxuyarkən onun Azərbaycan mahnısı, müəlliflərinin azərbaycanlı olduğunu bildirməyib. Mahnı anonim erməni mahnısı kimi təqdim edilib. Bu da müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır. Müəllif Hüquqları Agentliyi bəyan edir ki, dövlət orqanı olaraq bu hala kəskin etiraz bildiriləcək.