Azərbaycan regiona sülh gətirmək istəyir: Bu kimləri narahat edir?

Azərbaycan regiona sülh gətirmək istəyir: Bu kimləri narahat edir?
SOSİAL
14:30 27.07.2022
322
"Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb – mənim Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərim bir daha bunu göstərir.

Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur”. 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib. Prezdentin də hər zaman vurğuladığı kimi Azərbaycan hər zaman qonşu ölkələrlə münasibətlərə xüsusi yanaşır. Ölkəmiz digər millətlər və digər din mənsubları arasında ayrıseçkiliyə yol vermir.

Amma təəssüflər olsun ki, ölkəmizə qarşı digər dövlətlərin münasibətləri heç də birmənalı deyil. Ölkəmizin uğurları ilə barışmayan ölkələri biz elə qonşuluqda da görürük.

İranın Ali Dini Lideri Ayətullah Xameneinin müzakirələrə səbəb olan məlum tviti iki ölkə və millətlər arasındakı dostluq münasibətlərinə xələl gətirir. Bu, İslam dini adı altında öz mənafeyini güdən İranın qeyri-islam dövləti olan Ermənistana dəstək verməsi heç də dost dövlətə yaraşan addım deyil. Hər zaman qonşu dövlətlərlə, digər millətlərlə, eləcə də digər dinlərə mənsub dövlətlərlə xoş münasibətdə olan ölkəmizə qarşı hər hansı provokasiyalar heç vaxt bağışlanmayacaq.
 


Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a fikirlərini bildirib.

Deputat qeyd edib ki, İranın Ali Dini Lideri müsəlmanların faydasına, marağına olan məsələni gündəmə gətirmir:

ranın Ali Dini Lideri Ermənistanın mövqeyini ifadə edən, Ermənistan ictimaiyyətinə xoş gəlmək üçün səsləndirdiyi fikirlərdir. Bu, üzücüdür ki, İranın dini lideri müsəlmanların xoşuna gəlmək istəmir. Müsəlmanların faydasına, marağına olan məsələni gündəmə gətirmir, 3 milyonluq erməninin faydasına olan məsələni gündəmə gətirir. Onların simpatiyasını qazanmaq üçün çalışır. Azərbaycan seqmentində insanları incidən, narahat edən də məhz budur. Əslində bu, dərindən araşdırılsa, İranın öz maraqlarına belə ziddir. Çünki İran və Ermənistanın yolunu kimsə bağlamır. Kommunikasiya xətləri nə qədər açıq olsa, İranın da xeyrinədir. İndi Zəngəzur dəhlizi açılanda İran da oradan yükünü daşıyacaq. İran özü izolyasiyada, təcriddə olan ölkədir. Buna mane olacaqsa, özü əziyyət çəkəcək. 

Deputat deyib ki, Azərbaycan hər zaman İranla mehriban qonşuluq siyasəti aparıb: 

"Azərbaycan İranla normal qonşuluq münasibətləri davam etdirməyə maraqlı ölkədir. Bunun üçün də İranı hansısa formada incidəcək bir layihə də həyata keçirmək niyyətində deyil. Azərbaycan özünün bir parçası ilə - Naxçıvanla iqtisadi, kommunikasiya əlaqəsini yaratmaq üçün addım atırsa və İran buna mane olmağa çalışırsa, bu, o deməkdir ki, İran erməni maraqlarına daha çox üstünlük verir. Bunu İranın sıradan bir siyasətçisi söyləsə, bunun üstündən keçmək olar ki, başa düşmür. Amma İranın Ali Dini Lideri müsəlman marağını qoyub erməni marağından danışırsa, bu, çox üzücüdür. Mən hesab edirəm ki, burada İranın siyasət adamları da bu məsələ üzərində düşünməlidilər ki, bu cür açıqlamalar bizim normal qonşuluq və dostluq münasibətlərimizə ziyan vura bilər. Belə açıqlamalardan yayınmaq lazımdır. Biz İranın əleyhinə hər hansı bir layihə gerçəkləşdirmək, hansısa layihənin içərisində yer almaq fikrimiz yoxdur. Yolun açılması da hamımızın marağına uyğundur. Ona görə də bu çox üzcüdür və acınacaqlıdır ki, həmin İranın Ali Dini Lideri Xamenei Paşinyanın, Sarkisyanın söylədiyi fikirləri təkrar edir”. 

Müharibədə ağır məğlubiyyətlə üzləşən və hələ də qonşuluq prinsiplərinə əməl etmək istəməyən, millətlərarası münasibətlərin düzəlməsində maraqlı olmayan Ermənistan da bu cür addımlarla yalnız öz xalqına pislik etmiş olur. Çünki Azərbaycanla münasibətlərin pisləşməsi qarşı tərəfi Azərbaycanın daha bir zərbəsi ilə üzləşməyə məhkum edir. Ermənistan dövləti sərhəd bölgələrində atəşkəsi pozmaqla münasibətlərin düzəlməsinə daha bir sədd çəkir. Ermənistanın Qarabağ ərazisindən terrorçu dəstələrini, ordusunun tör-töküntüsünü hələ də çıxarmaması Azərbaycanı bunu güc yolu ilə etməyə məcbur edir.
 


"Qalib Azərbaycan üçün antiterror əməliyyatları həyata keçirib bu məsələləri kökündən, birdəfəlik həll etmək çətin məsələ deyil, əgər proseslər xoşagəlməz məcra almaqda davam etsə, Azərbaycanı kimsə dayandıra da bilməyəcək”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ermənilərin mövqelərimizi davamlı atəşə tutmasına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, münaqişənin başa çatması İrəvanın iradəsi ilə yox, Bakının hərbi-siyasi məcburiyyət tədbirləri ilə baş tutub:

"Bilirsiniz ki, münaqişə artıq başa çatıb və hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən səylər müşahidə olunur. Amma unutmamalıyıq ki, münaqişənin başa çatması İrəvanın iradəsi ilə yox, Bakının hərbi-siyasi məcburiyyət tədbirləri ilə baş tutub. Yəni, Ermənistan ədalətli sülhə sadəcə məcbur edilir. Sülh fikrindən uzaq olan, təcavüzkar və revanşist ideyaları israrla yaşadan Ermənistandan bu mənada sabitlik, post-münaqişə dövründə etimad mühitinə sədaqət gözləmək sadəlövhlük olar. Bu mənada, Ermənistanın davamlı olaraq mövqelərimizi atəşə tutması ilk növbədə məhz bu prizmadan təhlil olunmalıdır”.

B.Məhərrəmovun sözlərinə görə, terrorçu dəstələr tərki-silah olunmalıdır:

"Ermənistanda terror dövlət siyasətidir. Biz terrorsuz sabit bir bölgə yaratmaq istəyiriksə, ilk növbədə Ermənistan mövcud hüquq və ideoloji sistemini dəyişməli, terrordan və qonşulara qarşı ərazi iddialarından əl çəkdiyini konstitusion səviyyədə bəyan etməlidir. Eyni zamanda "Daşnaksütun" kimi siyasiləşmiş terror təşkilatları qadağan edilməli, aralarında Koçaryan, Sarkisyan, Ohanyan kimi siyasilərin də olduğu terrorçular mühakimə olunmalıdır. Eyni zamanda terrorçu dəstələr tərki-silah olunmalı, habelə məktəblərdə terror ideologiyası tədris edən pedaqoqlar kənarlaşdırılmalı, bu fəaliyyətə görə məsuliyyət müəyyən olunmalıdır. Erməni xalqı üçün yeganə çıxış yolu budur”.

Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR