‘Azərbaycan regionda müstəqil siyasət yürüdür’

‘Azərbaycan regionda müstəqil siyasət yürüdür’
13:53 01.02.2013
858

“Erməni ordusunun NATO-ya yox, Rusiyaya bağlılığı artacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Fərhad Mehdiyev Rusiyanın Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Akademiyasının yaradılması ilə bağlı məsələni şərh edərkən söyləyib.

Politoloqun sözlərinə görə, Azərbaycan hazırda bölgədə öz müstəqil siyasətini yürüdür və bu Rusiyanı olduqca narahat edir:

“Onsuz da Rusiya ilə Ermənistan arasında çox sıx hərbi əməkdaşlıq var. Erməni zabitləri gedib Rusiyada həm təhsillərini tamamlayırlar, həm ixtisasartırma kurslarından keçirlər. Bu hərbi məktəbin açılması da belə addımlardan biridir və bizim üçün əlavə heç bir təhlükəsi yoxdur. Bəlkə də, bizim xeyrimizədir. Çünki ola bilsin ki, ermənilər Rusiyada daha yaxşı təhsil ala bilərdilər. İndi isə Ermənistanda təhsil alacaqlar. Digər cəhət ondan ibarətdir ki, Ermənistanın NATO ilə hərbi əməkdaşlığı var, “Sülh Naminə Tərəfdaşlıq” proqramının üzvüdür. Bu proqram çərçivəsində erməni zabitləri gedib NATO ölkələrində də ixtisasartırma kursları keçirdilər, indi bunlar azalacaq. Erməni ordusunun NATO-ya yox, Rusiyaya bağlılığı artacaq. Rusiya bununla Ermənistanın qərbə inteqrasiyasının artmasına imkan vermir.

Təbii ki, Rusiyanın Azərbaycanın apardığı xarici siyasətlə bağlı narazı qaldığı məqamlar var. Bunun da səbəbi odur ki, Azərbaycan regionda müstəqil siyasət yürüdür və tədricən regional gücə çevrilir. Azərbaycanın atdığı bəzi addımlar da Rusiyanın maraqları ilə üst-üstə düşmür. Bu baxımdan, əlbəttə, Rusiyanın narazılıqları var. Lakin hazırda İlham Əliyevin yerinə gələcək elə bir real namizəd yoxdur ki, Rusiyanın siyasətini dəstəkləsin və regiondakı mövqeyini gücləndirsin. Rusiya da bunu çox yaxşı başa düşür və bu səbəbdən belə bir şeyə cəhd etmiyəcək. Bundan başqa, qərb ölkələri seçkilərdə qeyri-demokratikliyi qabardaraq hökumətə təzyiq etmək və bunun müqabilində nəsə əldə etmək üsulundan istifadə edirlər. Lakin Rusiyanın özündə də seçkilər qeyri-şəffaf keçir. Bu səbəbdən Rusiyanın bu məsələdə dili uzun ola bilməz. Beləliklə, Rusiyanın Azərbaycandakı seçkilərə müdaxilə edə biləcəyini zənn etmirəm”.

Ceyhun

OXŞAR XƏBƏRLƏR