Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusunun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət edib.
Bunu "İzvestiya" qəzetinə İranın ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdad Kiayei deyib.
"Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və digər ölkələr təşkilata üzv olmaq üçün müraciət edib. Bu ölkələr (Banqladeşdən başqa - red.) statuslarını dialoq üzrə tərəfdaşdan müşahidəçi statusuna dəyişmək istəyirlər. Prinsipcə, bu məsələyə baxmağa və müvafiq müraciət edənlər və təşkilata üzv dövlətlərlə razılaşaraq müəyyən nəticəyə gəlməyə hazırıq”, - o bildirib.
Onun sözlərinə görə, əvvəlcə onlar müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam iştirakçı ola bilərlər: "Banqladeş dialoq üzrə tərəfdaşlardan biri deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələdən yan keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır”.
Qeyd edək ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyununda Şanxayda Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir.
///Report