"Azərbaycan SPECA-da aparıcı rola malikdir"

"Azərbaycan SPECA-da aparıcı rola malikdir"
SİYASƏT
17:05 27.11.2023
478
Noyabrın 24-də Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər rəsmilər iştirak ediblər.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Görüşün məğzi birgə fəaliyyətin aktuallaşmasıdır. Zirvə toplantısının Azərbaycanda keçirilməsi Azərbaycanın aparıcı rol oynamasına bir işarədir və son 15-20 il ərzində Azərbaycan çox önəmli beynəlxalq tədbirlərin keçirildiyi bir məkan kimi seçilib və sözügedən görüş həm də Ermənistan üçün bir dərsdir, mesajdır ki, düşmənçilikdən əl çəksələr, bu əməkdaşlığa qoşula bilərlər. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. 

Zirvə görüşündə Möhtərəm Prezident cənab  İlham Əliyev çıxış edərək  bildirib ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar: "Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik”. Ölkələrimizi birləşdirən amillər arasında siyasi sabitliyi xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: "Sabitik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.

Azərbaycanın son iyirmi ildəki inkişafının əsas göstəricilərini diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyularaq, ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. 

Möhtərəm Prezident cənab İlham Əliyev eyni zamanda çıxışında qeyd etdi ki, Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində "Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.

Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar: «Buna cavab olaraq və "boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq.

Naftalan şəhər sakini Möhübbət Bədəlov

OXŞAR XƏBƏRLƏR