Müasir dövrdə elm, təhsil, yaşam informasiya və kommunikasiya texnologiyaları üzərində qurulur. Dövrümüzü bu texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bunun üçün də informasiya və kommunikasiya texnologiyalarının inkişafı diqqətdə saxlanılması vacib olan amillərdən biridir. İstər dünyada, istərsə də ölkəmizdə bu istiqamətdə inkişafa doğru ciddi addımlar atılmalıdır və atılır.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov AZXEBER.COM-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, Azərbaycanda internetin sürətinin artması gözlənilir:
"İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində Azərbaycan ötən illərdə müəyyən hədəflərə çatdı. Hazırda bu istiqamətdə islahatlar sürətlənməkdədir. Gözləntilər budur ki, Azərbaycanda internetin sürəti artacaq. Bu, belə olacaq ki, məndə olan məlumata görə, infrastrukturda çox ciddi dəyişikliklər baş verir və bu da davam edəcək. Bunun üstünlüyü ondan ibarət olacaq ki, istifadəçilər yeni genişzolaqlı internetdən istifadə edə biləcəklər. Bakı ilə yanaşı, bölgələri, hətta kəndləri əhatə etməsi də gündəmdədir. Görünən odur ki, yaxın vaxtlarda Azərbaycanın əksər hissəsi, bəlkə də bütün ərazisi normal sürətli internetlə təmin olunacaq. Bu proses artıq başlanılıb. Azərbaycanın bu istiqamətdə müəyyən geriləməsi var idi. Beynəlxalq reytinqdə də Azərbaycan ilk yüzlükdə deyildi. Aparılan islahatlar nəticəsində yaxın zamanda böyük nailiyyətlər əldə ediləcək. Bakıda və Apşeron yarımadasında artıq yüksək sürətli internetin təmin olunması istiqamətində işlər görülür”.

Fərid Kazımov İT sahəsində Azərbaycandakı startaplardan da danışıb:
"Artıq 10 ildən çoxdur ki, startaplar üzrə işlər gedir. Müxtəlif tədbirlər görülür, bir çox dövlət qurumlarının bu istiqamətdə təşəbbüsləri var. Amma biz baxdıqda görürük ki, Azərbaycanda startaplar məsələsində müəyyən geriləmələr var. Çünki hazırda startaplar varsa da, onların sayı yetərincə deyil. Olanlar da bazar qiymətləndirilməsi cəhətdən böyük deyillər. Region ölkələrinə baxsaq, görərik ki, bu istiqamətdə millyardlarla qiyməti olan startaplar meydana çıxır. ABŞ, Çin, Böyük Britaniya, Hindistan kimi ölkələr də irəlidədirlər. Mən hesab edirəm ki, biz bu istiqamətdə böyük işlər görməliyik. Məndə olan məlumata görə, artıq müəyyən təkliflər paketi də hazırlanıb. Həmçinin Azərbaycanda Nazirliyin nəzdində yeni Agentlik yaradılıb. Yəqin ki, yaxın zamanlarda bu Agentliyin də müəyyən istiqamətləri olacaq. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycan startapları müəyyən problemlərlə üzləşirlər, onlardan biri də bu startapların xaricdən investisiya alması çox məhdud olur. Çünki əsas fondlar Qərb ölkələrində, ABŞ-da yerləşir. Onlar da, əgər inqilabi startaplarla bazara çıxmırlarsa, Azərbaycan kimi ölkələrin startaplarına o qədər də investisiya qoymurlar. Bunun üçün də Azərbaycanda investisiya imkanlarını genişləndirmək lazımdır”.
Fərid Kazımovun sözlərinə görə, İT təhsil sahəsində müəyyən işlər görülməlidir: "Azərbaycanda İT sahəsi üzrə təhsil də ürəkaçan deyil. Bu sahədə uğur qazananların əksəriyyəti öz təşəbbüslərinə görə İT sahəsində biliklər əldə edənlərdir. Bu istiqamətdə də müəyyən işlər görülməlidir. Təhsil Nazirliyi də bu istiqamətdə addımlar atır, hətta müəyyən görüşlər də keçirilib. Hazırda Azərbaycan gəncləri İT sahəsində müəyyən istiqamətdə biliklər əldə etmək istəyirlərsə, onlara nazirlik tərəfindən güzəştli maliyyə ayırılsa və müəyyən kurslara gedərək biliklər əldə etsə, bu, həmin gənclər üçün də böyük bir addım olar. Regionda praktikada belə bir şey yoxdur. Bu, aparılan islahatların ən müsbət tərəfi ola bilər. Bu, həm də stimullaşma xarakteri daşıya bilər. Zənnimcə, bu cür addımalar atılarsa, İT sahəsində peşəkarlar yetişə bilər. Bildiyimiz kimi, pandemiya məsafədən iş məsələsini daha da qabartdı. Bu da Azərbaycan peşəkarlarının qlobal layihələrdə işləməsinə səbəb olacaq”.
Son iki ildə dünyada koronavirus pandemiyasının hökm sürməsi əksər sahələri uzaqdan idarəetmə rejiminə keçməyə məcbur etdi. Hətta təhsilin distant formaya keçməsi informasiya və kommunikasiya texnologiyalarının üzərinə böyük yük salmış oldu. Bu səbəbdən informasiya və kommunikasiya texnologiyalarının inkişafı yenidən gündəmə gəldi. Ölkəmiz də bu istiqamətdə addımlar atır. 2022-ci ilin dövlət büdcənin layihəsində gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 884 325 660,0 manat vəsait ayrılması öz əksini tapıb. Ekspertlər hesab edir ki, bu layihə çərçivəsində informasiya və kommunikasiya texnologiyalarının da inkişafı gözlənilir.

Təhsil üzrə ekspert Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu vəsait informasiya texnologiyalarının inkişafı üçün vacibdir:
"Bu vəsait bir çox məsələləri əhatə edəcək. Amma düşünürəm ki, burada bizim üçün vacib olan sırf onlayn təhsil zamanı da üzə çıxdı ki, informasiya texnologiyaları avadanlıqları cəhətdən də geridə qalmışıq, çox çətinlik çəkirik. Ona görə də, yaxşı olar ki, orta ümumitəhsil müəssisələri, eyni zamanda təhsilin müxtəlif pilləsi üzrə təhsil verənlərin hər birində informasiya texnologiyaları avadanlıqları quraşdırılsın. Bunun üçün də ayrılmış həmin büdcədən müəyyən qədər vəsait ayrılmalıdır.
Eyni zamanda təhsilə aidiyyatı olan şəxslər, hansı ki, buraya daha çox pedoqoji heyət, müəllimlər, təhsil verənlər daxildir. Sırf onların lazımi avadanlıqlarla təmin olunması, bəzi texnologiyaların istifadəsində əziyyət çəkənlərin müəyyən bilik və təcrübə qazanmaları üçün də vəsait lazımdır. Eyni zamanda onların planşet, ağıllı telefonlarla təmin olunmaları vacibdir. Yəni bu istiqamətdə vəsaitlərin ayrılması daha məqsədəuyğun olar. Burada, həmçinin, müəllimlərin əməkhaqqı üçün də yaxşı olar ki, bir qədər vəsait ayrılsın. Müəllimlərin əməkhaqqının artırılması da müəllimlər üçün motivasiya olar, belə olan halda dərslərə daha məsuliyyətli yanaşarlar”.
Ümumiyyətlə, ölkəmizdə bu sahənin inkişafı üçün müxtəlif addımların atılması müşahidə olunur.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bu ilin oktyabr ayında bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və sağlam rəqabət mühitinin formalaşdırılmasının, beləliklə də qeyd olunan sahələrdə keyfiyyətin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.
İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı təkcə təhsil sahəsi üçün deyil, ümumilikdə, müasir dövrdə, demək olar ki, bütün sahələr üçün vacibdir.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı”;” mövzusu üzrə dərc edilib.
