"Bir çox Azərbaycan telekanallarında xarici filmlərin, xüsusi ilə Türkiyə istehsalı olan serialların tərcüməsi və dublaj edilməsi bərbad vəziyyətdədir."
AZXEBER.COM-un məlumatına görə, bu barədə "Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi bəyanatla çıxış edib. Jurnalist təşkilatının rəhbəri Mətləb Salahov bildirib ki, son bir neçə il ərzində ölkə telekanallarında xarici serialların nümayişinə həddindən artıq meylin yaranması, bu sahədəki dublyaj və tərcümə sahəsindəki acınacaqlı vəziyyəti aşkara çıxarıb. Mətbuat qurumunun rəhbəri hesab edir ki, bu acınacaqlı durum daha çox türk seriallarının tərcüməsi və dublyaj edilməsi zamanı açıq-aşkar ortaya çıxır: "Təsəvvür edin ki, ingilis, alman, və ya fransız dilini bilməyən bir insanın, bu dillərdən tərcümə olunan filmlərdəki qüsurları o andaca sezməsi mümkün olmur.
Amma bizlərə olduqca doğma olan türk dilindən tərcümə edilən seriallardakı rüsvayçı qüsurları ekran başındakı hər kəs o andaca görə bilir. Nə səs tempinə, nə obrazın xarakterinə, nə də yaş xüsusiyyətinə uyğun olmayan bərbad dublyaj və tərcümə prosesi, ekranda olduqca acınacaqlı bir situasiya yaradır. Təsəvvür edin ki, olduqca ciddi və maraqlı bir türk serialını, qardaş ölkə telekanallarında orijinal versiyada izləyən Azərbaycan vətəndaşı, həmin filmin Azərbaycan dilindəki savadsız və acınacaqlı tərcüməsini gördükdə əsəb dolu stress keçirir. Bu fakt, olduqca aktual məsələdir"-deyə M.Salahov fikrini tamamlayıb.