Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan PanARMENIAN.Net agentliyinə bildirib ki, Azərbaycan Ermənistanla sərhədin bəzi hissələrinə hərbi texnika və xüsusi təyinatlılar qrupu cəmləşdirir: “Martın 25-26-da atışmalar barədə yalan məlumatlar yayandan sonra Azərbaycan tərəfi kəskin fəallaşıb, hazırda Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində hərbi texnikanın və xüsusi təyinatlı qrupların cəmləşdirildiyi müşahidə olunur”. Ovanisyan Ermənistan tərəfinin “vəziyyəti nəzarət altında saxladığını və mümkün təxribatlara cavab verməyə hazır olduğunu” bildirib. Azərbaycan Müdafiə Nazirliyi hələlik Ermənistan tərəfinin iddiasına cavab verməyib. Xatırladaq ki, martın 25-26-da Ermənistan ordusunun mövqelərindən açılan atəş nəticəsində Azərbaycan ordusunun bir əsgəri şəhid olub, həmçinin Gədəbəy rayonu istiqamətində ordumuzun kapitan rütbəli zabiti düşmən gülləsindən başından yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin martın 30-na olan məlumatına görə, cəbhə xəttində yeni atışmalar qeydə alınıb, erməni qüvvələri Ağdam, Goranboy və Füzuli rayonunun işğal altındakı ərazilərindən Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Düşmənə cavab atəşi açılıb. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə gəldikdə isə bu istiqamətdə gərginlik çoxdandır davam edir. Səbəb isə Ermənistan ordusunun Qazax-Tovuz və Gədəbəy istiqamətində öz mövqelərini irəli çəkmək cəhdləridir. (musavat.com)