Bir neçə gün əvvəl dünyanın diqqəti yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə yönəlmişdi. Son illər bu ərazilərin beynəlxalq aləmin diqqət mərkəzində olması təsadüfi deyil. Xankəndidə, Şuşada, Ağdamda, Suqovuşanda, Laçında gah el şənlikləri, gah beynəlxalq tədbirlər, gah musiqi festivalları, gah da beynəlxalq miqyaslı idman yarışları keçirilməsi "Qarabağ Azərbaycandır!” reallığının dünyaya mesajıdır.
Böyük dövlətçilik təfəkkürü, prinsipial mövqeyi və daim yeniləşən strateji baxışı ilə Prezident cənab İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, bütün regionun siyasi mənzərəsini formalaşdıran aparıcı liderə çevrilib. Onun hər bir qərarı ölkəmizi daha da yüksəklərə aparır, dövlətçiliyimizi daha da gücləndirir. Bu baxımdan, 28 May Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılışı, sadəcə, mühüm bir nəqliyyat layihəsi deyil, həm də dövlətimizin gücünün, iradəsinin və strateji baxışının rəmzidir. Çətin dağlıq ərazidə tikilən bu hava limanı – Qayıdışın, İnkişafın və Suverenliyin göylərə yüksələn simvoludur. Laçın səmasında süzülən hər bir təyyarə, əslində, bir xalqın qələbəsini, bir liderin imzasını daşıyır. Laçın Beynəlxalq Hava Limanının istifadə verilməsinin məhz Müstəqillik Gününə təsadüf etməsi özündə mühüm çağırışları birləşdirir.
Laçında yaradılan yeni infrastrukturların aşılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mühüm hadisə kimi yadda qaldı. Həmçinin Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Zirvə Görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Bu görüş həm simvolik məkan seçimi ilə, həm də iştirak edən dövlətlərin qarşılıqlı maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm simvoludur. Bu il 28 May-Müstəqillik Günü tarixə Azərbaycan-Türkiyə-Pakistan dostluğunun daha mühüm səhifəsi kimi yazılacaqdır. Belə ki, bu tarixdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirildi. Zirvə görüşündəki çıxışında bir daha dost ölkələrlə münasibətlərin tarixinə qısa nəzər salan dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub.
Cənab İlham Əliyev çıxışında bir daha diqqəti Türkiyənin və Pakistanın 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycana mənəvi və siyasi dəstəyinə yönəltdi və vurğuladı ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.
Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir. Yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinə, həmrəylik, dəstək göstərir, münasibətləri daha da möhkəmləndirirlər. Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan ölkəmizin yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu gün də üç qardaş ölkə arasında həmrəylik davam edir. Üç ölkənin iştirakı ilə Laçında ikinci Zirvə görüşünün keçirilməsi dostluq və qardaşlığın bariz nümunəsidir. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən təntənəli mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının və strateji əməkdaşlığının növbəti təzahürü oldu.
Cənab Prezident İlham Əliyevin Laçında çıxışı zamanı da xüsusi olaraq qeyd etdi ki: "Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Dövlət başçısı cənab İlham Əliyev Laçında görüşdə qeyd edib ki, bu üç ölkəni və xalqı birgə tarix, mədəniyyət və dəyərlər birləşdirir: "Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq".
Xalidə İsmayılova, coğrafiya müəllimi