Azərbaycan-Türkmənistan münasibətləri: Perspektivlər və imkanlar – Deputatlar danışır

SİYASƏT
18:52 22.11.2018
6912

 

Zahid Oruc: "Bu səfər qarşılıqlı münasibətlərin inkişafına yeni mərhələdir”

Rauf Əliyev: "Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xəttlə inkişaf edəcək”

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Aşqabadda bir günlük rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycanla Türkmənistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində hər iki dövlət başçısı arasında müzakirələr aparılıb. Eyni zamanda qarşılıqlı münasibətlərə dair bir çox sahələrdə sazişlər imzalanıb.

AZXEBER.COM Milli Məclisin deputatları Zahid Oruc və Rauf Əliyevdən səfərlə bağlı təəssüratlarını öyrənib.

AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Prezidentin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələdir:

"Bilirsiniz ki, səfər çərçivəsində bir çox mühüm sazişlər imzalanıb. Azərbaycanla Türkmənistan arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında, 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair, keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə, eyni zamanda hər iki ölkənin Elmlər Akademiyaları arasında sənədlər imzalanıb. İmzalanma mərasimində hər iki dövlətin başçısı iştirak edib. Hesab edirəm ki, Cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində açılan yeni pəncərədir”.

Milli Məclisin deputatı Rauf Əliyev də səfərin mühüm əhəmiyyət daşıdığını bildirir:

"Cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər çərçivəsində əməkdaşlığa dair birgə sazişlərin bağlanması, bu sazişlərin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələri əhatə etməsi hər iki dövlətin gələcək münasibətlərin inkişafına maraqlı olduğunu göstərir. Hesab edirəm ki, bu səfər dövlətlərimiz arasında münasibətlərin gələcəyinə böyük inam yaradır. Olduqca səmimi və işgüzar şəkildə aparılan müzakirələr zamanı səslənən fikirlər əminliklə deməyə əsas verir ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xəttlə inkişaf edəcək”.

// Azər Niftiyev, AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR