Türkmənistanda Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüş təkcə iqtisadi əməkdaşlıq baxımından deyil, həm də geosiyasi yaxınlaşma kontekstində mühüm əhəmiyyət daşıyır.
Bu barədə politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu görüş Orta Asiya ilə Cənubi Qafqazı birləşdirən strateji xəttin formalaşmasının başlanğıcıdır:
"Azərbaycan bu formatda keçirilən görüşlərdə həm tranzit potensialını, həm də enerji və nəqliyyat siyasətində mərkəzi rolunu ön plana çıxarır. Türkmənistan və Özbəkistan isə Xəzər dənizi vasitəsilə Avropa bazarlarına çıxış əldə edir. Bu yaxınlaşma, eyni zamanda, türkdilli dövlətlər arasında inteqrasiyanı gücləndirən yeni siyasi çalar qazanır. Rusiya regionda nəqliyyat və enerji layihələrində dominantlığını itirmək istəmir. Lakin Ukrayna müharibəsindən sonra zəifləyən vəziyyətdə bu təşəbbüslərə qarşı aktiv cavab verə bilmir. Çin isə bu inteqrasiyaya daha praqmatik yanaşır. Pekin üçün əsas məsələ ‘Bir kəmər, bir yol’ layihəsinin davamlılığı və təhlükəsizliyidir. Azərbaycan–Türkmənistan–Özbəkistan xətti Çinə əlavə logistik imkanlar təqdim edir, lakin Pekin bu əməkdaşlığın Qərbə yönəlməsindən ehtiyatlanır.”
Politoloq bildirib ki, Qərb bu prosesi strateji fürsət kimi dəyərləndirir:
"Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən Avropaya daşınması, Avropa İttifaqının enerji təhlükəsizliyini gücləndirir. Xəzərdən çəkiləcək boru xətləri və liman-nəqliyyat inteqrasiyası Rusiyanın təsir imkanlarını azaldır. Bu mənada Azərbaycan həm körpü, həm də balanslaşdırıcı rolunu daha da möhkəmləndirir. Bu proses kollektiv iqtisadi-siyasi gücün formalaşmasını stimullaşdırır. Bu da həm Rusiyanın, həm də Çinin regionda ‘yeganə oyunçu’ olmaq iddiasını zəiflədir. Qərb isə bu bloklaşmanı öz maraqları ilə üst-üstə düşdüyü müddətcə dəstəkləyəcək.”
Sonda politoloq bildirib ki, Türkmənistanda baş tutan bu görüş sadəcə texniki əməkdaşlıq deyil, yeni geosiyasi reallığın formalaşmasının siqnalıdır:
"Azərbaycan burada yalnız tranzit ölkə deyil, həm də siyasi liderlik nümayiş etdirir. Türkmənistan uzun illər neytrallıq siyasətindən çıxaraq daha açıq regional əməkdaşlığa meyl edir. Özbəkistan isə regional modernləşmənin və balans siyasətinin aparıcı qüvvəsi kimi öz mövqeyini möhkəmləndirir. Nəticə etibarilə, Orta Asiya və Cənubi Qafqaz bir-birinə bağlanır və bu, qlobal güclər arasında yeni balans yaradır. Rusiya bu yaxınlaşmadan narahatdır, Çin ehtiyatla izləyir, Qərb isə strateji imkan kimi qiymətləndirir. Azərbaycanın əsas qazancı isə regionlararası körpü statusunun daha da güclənməsidir.”
Oksana Orucova