Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Ukraynada baş verən hadisələr müzakirə olunub.
APA-nın məlumatına görə, çıxış edən deputat Asim Mollazadə deyib ki, Ukraynadakı böhran siyasi yolla həll edilməlidir. O bildirib ki, Azərbaycan GUAM üzvü olaraq Ukraynanın ərazi bütövlüyünün qorunması üçün beynəlxalq təşkilatlar çərçivəsində Kiyevə dəstək verməlidir: “Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, Azərbaycan beynəlxalq təşkilatlarda bu ölkəyə öz dəstəyini ifadə etməlidir”.
Deputat Fərəc Quliyev isə təklif edib ki, Milli Məclis adından Ukraynanın dövlətinin müstəqilliyinin və suverenliyinin bir daha tanınması bəyan edilsin: “Çünki hazırda Ukraynanın ərazi bütövlüyü təhlükə altındadır. Oradakı qarşıdurmalar zamanı vəfat edən insanlara başsağlığı verilməsi haqda Milli Məclis olaraq bəyanat da qəbul etməliyik”.
Sədr Oqtay Əsədovun reaksiyası isə belə olub: “Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman tanıyıb. İndi orada yeni dövlət qurulur. Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq? Fikrimcə, bir qədər diqqətli danışmalıyıq”.