Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub
SİYASƏT
17:35 01.03.2023
136
Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edə bilmədiyini dedi, Serbiyanı Bakıdakı tədbirdə xarici işlər nazirinin təmsil edəcəyini bildirdi. Serbiya Prezidenti bu dialoqun gedişi barədə dövlətimizin başçısına məlumat verdi.

Aleksandar Vuçiç Serbiyanın dost Azərbaycan ilə qarşılıqlı hörmət və anlaşmaya, o cümlədən dəstəyə əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti iki dövlət başçısının yüksək şəxsi münasibətləri sayəsində dinamik inkişaf edən Azərbaycan-Serbiya strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğuladı, bu ilin də ikitərəfli münasibətlərimiz üçün uğurlu olacağına ümid etdiyini bildirdi.

Söhbət zamanı enerji sahəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
OXŞAR XƏBƏRLƏR