"Azərbaycan öz hədəflərinə çatan ölkədir"

SİYASƏT
14:41 17.01.2022
623
Azərbaycanın dünyanın getdikcə inkişaf edən dövlətə çevrilməsində rol oynayan amillərdən biri də cənab İlham Əliyevin daxili siyasət üzrə yürütdüyü uğurlu strategiyadır. 2021-ci ildə milli-siyasi birliyini daha da gücləndirməyə nail olan dövlətimiz bununla yalnız ölkə daxilində deyil, regionda da sabitliyin təmininə töhfə verib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerli televiziya kanallarına geniş müsahibəsində bir daha aydın oldu ki, 2021-ci ildə ölkəmiz iqtisadi və sosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail olub, beynəlxalq müstəvidə respublikamızın milli maraqları qətiyyətlə təmin olunub.

Müharibə zamanı beynəlxalq ictimaiyyət erməni barbarlığının şahidi oldu. Hədəfi yaşayış kompleksləri olan Gəncə şəhərinə tuşlanan ballistik raketlərin gecə vaxtı insanların yatdığı vədədə bir dəfə yox, bir neçə dəfə atılmasını vaxtında və real görüntülərlə yerli və xarici media nümayəndələri beynəlxalq ictimaiyyətə çatdırdılar. Ermənilər günahsız mülki insanları öldürdülər, beynəlxalq ictimaiyyətin gözü qarşısında şəhər və kəndlərimizi hər gün ballistik raketlərlə bombaladılar, artilleriya atəşinə tutdular. Təkcə Tərtər şəhərinə 16 min bomba atılmışdı. Bərdəni, Naftalanı raket atəşinə tutdular.

Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verirdi. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib. Dövlət başçısı bildirib ki, bu bəyanatların səbəbi də aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır: "Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək”.

Bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Dövlət başçısının da qeyd etdiyi kimi, artıq dünyada beynəlxalq hüquq yox, güc amili böyük rol oynayır.

Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkədir. Azərbaycan dövləti özünün dərinməzmunlu sosial siyasətinə uyğun olaraq hər zaman çətin vaxtlarda vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Biz dövlətimizin, şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə formalaşan və yüksək vətəndaş məmnunluğu yaradan bu gözəl ənənəyə yeni növ koronavirus pandemiyası şəraitində də sadiq qaldığının şahidi oluruq. Azərbaycan dövləti respublikamızda təhlükəli virusa ilk yoluxma faktı qeydə alınandan etibarən pandemiya ilə mübarizə məsələsinə həssas yanaşma sərgiləyir.

Pandemiya ilə mübarizə hələ də davam edir. Virusa yoluxma tablosunda hər gün ölüm hallarının baş verdiyini görürük. Bu, o deməkdir ki, virus ilk günlərdə olduğu kimi can almağa davam edir. Eyni zamanda yeni ştammların meydana çıxması təhlükənin hələ də qaldığını göstərir. Azərbaycan COVID-19-la fəal mübarizə aparan ölkələrdən biridir.

Azərbaycanın dünyadakı nüfuzu ilbəil artmaqda davam etməkdədir. Bütün bunlar dövlət başçısının apardığı rasional və praqmatik daxili və xarici siyasətlə bağlıdır. Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik.

Naftalan şəhər sakini: Afət Mustafayeva

OXŞAR XƏBƏRLƏR