Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Hücumların nəticələrinə dair 6 aprel 2016-cı il tarixinə olan müvafiq məlumat əlavə olunur. Ermənistanın qeyd olunan cinayətkar əməlləri beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların, eləcə də Silahlı münaqişələr zamanı mədəni obyektlərin mühafizəsinə dair 1954-cü il Haaqa Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Mülki əhaliyə qarşı törədilmiş bu qəsdli hücumlar nəticəsində çoxlu sayda mülki şəxs özünün yaşamaq, sağlamlıq, təhsil və dini etiqadların yerinə yetirilməsi kimi fundamental hüquqlarından məhrum edilib. Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görməkdədir.
Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, regionda hökm sürən gərginliyin başlıca səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur. Ermənistanda bir qrup müharibə canisi tərəfindən idarə olunan hazırkı hərbi diktatura rejiminin son əməlləri beynəlxalq sülh və təhlükəsizlik, eləcə də sivil dünyanın önəm verdiyi dəyərlər üçün ciddi təhlükə təşkil edir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğuna görə ittiham etməyə çağırır. Azərbaycan regionda sülh və ədalətin təmin edilməsi üçün səylərini əsirgəməyəcək”.