Azərbaycana önəmli olan AŞPA-nın qərəzli mövqeyi deyil, milli maraqlardır

SİYASƏT
17:08 25.01.2024
449
Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığı davam etdirə bilməzdi. Bizim üçün vacib olan milli maraqlarımızdır. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. AŞPA ilə əməkdaşlığın dayandırılması və qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra da edə bilməz.
AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi "ikili standart”la əlaqədar bildirilir ki, bu təsisat qarşısına qoyduğu hədəflərdən tam kənara çıxmış, ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlarına davam edir. Azərbaycan bu təsisata üzv olan gündən dəfələrlə Ermənistanın təcavüz siyasəti ilə əlaqədar addımların atılmasını tələb etməsinə baxmayaraq, məhz Assambleya işğal faktorunun onların predmeti olmadığını qeyd edib, yalnız ara-sıra bir neçə bəyanat verməklə kifayətlənib.
Məhz AŞPA-nın bu siyasətinin arxasında Fransa və erməni lobbiçilərinin ayırdığı qrantlar və maliyyələrdən bəhrələnin "siyasətçi”lər dayanır. Fransa öz xarici siyasətində ardıcıl buraxdığı nöqsanlar hesabına bu gün dünyada özünü "mat” vəziyyətinə salmış və rəsmi Paris anlayır ki, Azərbaycan dünyaya bu ölkənin yüzillərdi həyata keçirdiyi kolonist siyasətini göstərmişdir.
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Son vaxtlar Qərb təsisatlarının Azərbaycana qarşı riyakar siyasi, diplomatik hücumları xüsusilə intensivləşib. Bunu Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının başladığı ilk gündən heç bir hüquqi əsasa söykənməyən, sırf ölkəmizə olan qərəzindən doğan hikkə ilə Azərbaycanın səsini dondurmaq kimi çirkin təşəbbüsündən də görmək olar. 

Eləcə də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin yanvarın 22-də Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları da aydın şəkildə ortaya qoyur ki, islamofob, türkofob siyasət yürüdən Fransa kimi ölkələr, eləcə də Aİ, Avropa Parlamenti, AŞPA və digər qurumlar Azərbaycanı hədəf alan kampaniyalar aparır, böhtan xarakterli bəyanatlar səsləndirir, qərəzli qətnamələr qəbul edir, sanksiyalarla hədələyirlər. 
Qərəzli Qərb "siyasətçi"lərinin yuxularına haram qatan, gecə-gündüzlərini dar edən, qıcıqlandıran, qəzəbləndirən, hikkələndirən, özlərindən çıxaran mətləb və məqamlar, əlbəttə ki, çoxdur, amma onları, sözün əsl mənasında, yandırıb-yaxan Azərbaycanın torpaqlarını işğaldan qurtarması, suverenliyini tam təmin etməsidir. Fevralın 7-də Xankəndidə də seçki keçirərək "Qarabağ Azərbaycandır" həqiqətini bütün dünyaya bir daha bəyan edəcəyimiz isə qərəzli Qərb ölkə və təşkilatlarına əsl gözdağıdır.


Naftalan şəhər sakini Tamara Həsənova

OXŞAR XƏBƏRLƏR