Azərbaycana qarşı qarayaxma kampaniyası: “Dezinformasiya və saxta xəbərlər...”

Azərbaycana qarşı qarayaxma kampaniyası: “Dezinformasiya və saxta xəbərlər...”
MEDIA
16:45 01.09.2026
203
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi son günlər Böyük Britaniyanın "The Independent”, "The Guardian” qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycanla bağlı həqiqətəuyğun olmayan materialların dərc edilməsinə kəskin şəkildə etirazını bildirib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır:

"Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. 

Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.

Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bir daha adıçəkilən media qurumlarını ("The Independent”, "The Guardian" və "BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik”.

Məsələ ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, bəzi Qərb mediası Azərbaycan barədə əvvəlcədən formalaşdırılmış mövqedən çıxış edir:

"Məhz ölkəmizin mövqeyinə yer verilməməsi obyektiv jurnalistika prinsiplərinə ziddir. Bu media qurumlarının Azərbaycanla bağlı növbəti birtərəfli yanaşması təəccüblü deyil. Çünki sözügedən media qurumlarının ölkəmizlə bağlı məsələlərdə obyektivlikdən uzaq mövqe sərgiləməsi bundan əvvəl də dəfələrlə müşahidə olunub.


Azərbaycan haqqında material hazırlayarkən faktları bütün tərəflərin mövqeyi əsasında təqdim etmək əvəzinə, əvvəlcədən formalaşdırılmış yanaşmanı əsas götürmək, ölkəmizin mövqeyinə yer verməmək və birtərəfli tezisləri ictimaiyyətə təqdim etmək jurnalistika deyil, birbaşa informasiya təxribatıdır”.

Hacıbəy Heydərli vurğulayıb ki, dezinformasiya və saxta xəbərlər media qurumlarının nüfuzuna zərbə vurur:

"Xüsusilə beynəlxalq auditoriyaya təsir imkanları böyük olan media qurumlarından daha yüksək peşəkarlıq gözlənilir. Azərbaycanla bağlı hər hansı məsələdə tənqid və fərqli mövqe əlbəttə ki, ola bilər. Amma tənqidlə qərəzli informasiya kampaniyası arasında ciddi fərq var.

Azərbaycan tərəfinin mövqeyini dinləmədən, qarşı tərəfin arqumentlərini araşdırmadan və hadisələrə kompleks yanaşmadan ölkəmiz haqqında hökm vermək obyektiv jurnalistika prinsiplərinə uyğun deyil.

Azərbaycanla bağlı belə kampaniyalar nə qədər təkrarlansa da, həqiqətin yerini tuta bilməz. Əksinə bu kimi dezinformasiyalar və saxta xəbərlər həmin media qurumlarının nüfuzuna birbaşa təsir edir”.
OXŞAR XƏBƏRLƏR