Azərbaycana COP29-a evsahibliyi etmək etimadı göstərildiyi ilk günlərdən Qərbin qərəzli media prosesinə start verilib. Son zamanlar kampaniya sürət qazanıb və Azərbaycanın adını ləkələmək üçün sifarişli yazılar yazılır.
Məsələ ilə bağlı Modern.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva COP29 ərəfəsində xarici mediada ölkəmizə qarşı hücumların səbəbini belə izah edib:
"Anti-Azərbaycan cəbhəsi ölkəmizin adı ətrafında müxtəlif dezinformasiyalar yaymaq, insan hüquqlarının durumunun pis olması ilə əlaqədar görüntü yaratmaqla beynəlxalq aləmdə bizə qarşı təzyiqləri artırmağa çalışır. Aparılan davamlı təbliğatda əsas hədəf kimi COP29-un ölkəmizdə keçirilməsi seçilib. Bunun da bir neçə izahı var. Azərbaycanın təqdimatında COP29 çərçivəsində iqlim təşəbbüslərinin yerli və beynəlxalq səviyyədə siyasi, iqtisadi və sosial iştirakçılıqla stimullaşdırılması aparılır. Daha öncəki bu tip tədbirlərdən fərqli olaraq yerli və beynəlxalq təcrübənin öyrənilməsi, iqlim dəyişikliyinin fəsadlarını önləyəcək faydalı təşəbbüslərin meydana çıxarılması prosesi həyata keçirilir. COP29-un əvvəlki tədbirlərdən fərqi mütərəqqi nümunə olmasıdır.
Ölkəmizə hücumlarda informasiya diversiyalarına böyük önəm verilir. Bu hücümlar müxtəlif müstəvilərdə həyata keçirilir. Bu, COP konfranslarına yönəlmiş ən aqressiv hücum kimi də qiymətləndirilməlidir".
Yeganə Hacıyeva vurğulayıb ki, ümumiyyətlə, son onilliklərdə beynəlxalq müstəvidə insan haqları təşkilatları, onların rolu və mövqeyi ətrafında müzakirələrin möhkəmləndirdiyi bir fikir var: sifarişli fəaliyyət göstərən, riyakar təsisatlar.
"Xatırladım ki, belə təşkilatların mahiyyəti haqqında ən dürüst fikri elə ABŞ-nin özünün BMT-dəki keçmiş səfiri Nikki Haley zamanında BMT tribunasından səsləndirmışdı - o, insan haqları təşkilatlarını riyakarlıqda günahlandıraraq, onları dünyada sülhə, ədalətə və ya insan haqlarının qorunmasına deyil, ancaq özünə xidmət edən və pulla hərəkətə gələn təsisatlar adlandırmışdı.
Ətraflı
Nümunə üçün deyim ki, dünyanın gözü önündə Fransada 2023-cü ildə davam edən etirazlarda dinc etirazlar dağıdıldı, etirazçılar polis zorakılığına məruz qaldı, jurnalistlər və media işçiləri döyüldü, qadın jurnalistin üzərinə fransız polisi tərəfindən silah çəkildi. Hökümət müstəqil təşkilatların və media qurumlarının işinə əngəllər yaratdı, hakimiyyət vətəndaş cəmiyyəti fəallarının siyasi motivli mühakimələrini və qanunsuz həbslərini də həyata keçirdi və s.
Bir sözlə, Fransa höküməti tərəfindən media, sərbəst toplaşmaq, ifadə azadlıqları sistemli şəkildə məhdudlaşdırıldı, dinc aksiyaya çıxanlar döyüldü. Ancaq bu məqamların heç biri 2023-cü ilin beynəlxalq insan haqları təşkilatının hesabatlarında kiçik epizodla olsa belə öz əksini tapmadı",- o deyib.
Mətbuat Şurasının İdarə Heyətinin digər bir üzvü Hacıbəy Heydərli isə söyləyib ki, Azərbaycana qarşı dezinformasiya, feyk nyus kampaniyaları tarixən olub:
"Hətta dezinformasiyaların çox olmadığı Birinci Qarabağ Müharibəsi dönəmində də özünü göstərib. Azərbaycana qarşı informasiya müharibəsinin aparıldığının şahidi olmuşuq. Eyni zamanda Azərbaycanın haqlıykən haqsız duruma düşməsinə cəhdləri görmüşük. Xüsusilə də, Xocalı soyqırımı zamanı Rusiya və Qərbin bəzi media orqanları hadisələri azərbaycanlılar bu soyqırımını törədirmiş kimi dünyaya servis edirdilər. Bu kampaniya İkinci Qarabağ Müharibəsində də özünü göstərdi. Dünya ictimaiyyətində Azərbaycan nə zaman gündəmə gəlirsə, ölkəmizə qarşı çirkin kampaniyaların şahidi oluruq. Lakin, əlbəttə, Prezident İlham Əliyevin həmin vaxt çox operativ şəkildə dünya mediasına veridiyi müsahibələr həmin dezinformasiyaların qarşısını aldı. Sonda Azərbaycan həm döyüş meydanında, həm də informasiya müharibəsində qalib gəldi".
H.Heydərli COP29 öncəsi başlayan informasiya hücumlarının nəticə verməyəcəyi bildirib və Azərbaycan mediasının üzərinə düşən vəzifələrdən də danışıb:
"Bu kampaniya Qərbin müəyyən dairələri tərəfindən idarə olunur. Kampaniyanın aparılmasından o nəticə doğur ki, Azərbaycanın günü-gündən gücünün və nüfuzunun artması, qlobal tədbirlərə ev sahibliyi etməsi Qərbi narahat edir. Sırf media və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı çirkin kampaniya aparırlar. COP29 ərəfəsində Azərbaycana qarşı dezinformasiya kampaniyasının işartılarını artıq ilin əvvəlində gördük. Azərbaycan COP29-a ev sahibliyini elan etdikdən sonra, artıq Azərbaycana qarşı belə çirkin kampaniya başladı. İlk növbədə COP29 prezidenti olan Muxtar Babayev haqqında çirkin kampaniya apardılar. Onun neft şirkətində işlədiyini dedilər. Əslində isə Qərb mediası bunu bilməliydi ki, həmin adam ekologiya naziri olub. Neft şirkətində işləyəndə də ekoloji məsələlər üzrə cavabdeh şəxs olub. Bundan başqa COP29-da qadınların az olması ilə bağlı yazılar yazıldı. Amma biz COP29-un idarə heyətində xeyli sayda qadınların olduğunu bilirik. Bu kampaniyaların heç bir nəticəsi olmadığını görən Qərb dairələri ənənəvi olaraq, yenidən Azərbaycan-Ermənistan münasibətlərinə üz tutdu. Azərbaycana qarşı uzun müddət terror həyata keçirən cinayətkar şəxslərin müdafiəsinə qalxıblar. İnsan haqları adı altında onları müdafiə edirlər.Əslində isə heç Ermənistanın Baş naziri Nikol Paşinyan həmin cinayətkarları müdafiə etmir. Qərb dairələrinə isə təbii ki, həmişə bəhanə lazımdır. Aparılan çirkin kampaniyanın Azərbaycana heç bir təsiri ola bilməz. Çünki ölkəmiz günü-gündən güclənir. Dünya arenasında müttəfiqlərimiz çoxalır. Azərbaycan mediası istənilən halda ayıq-sayıq olmalıdır. Haqq səsimiz, aparılan işlər ölkə mediasında deyil, dünya mediasında da yayılmalıdır. İngilis və rus dilində belə jurnalistlərimizin sayı çoxalmalıdır. Xüsusilə COP29-nın əhəmiyyəti ilə bağlı dünya mediasında sayının çox olmasının daha vacib olduğunu düşünürəm".