Azərbaycanda 18 yaşına çatmayan 877 qadın ana olub - Qarşısını almaq üçün…

Azərbaycanda 18 yaşına çatmayan 877 qadın ana olub - Qarşısını almaq üçün…
SOSİAL
16:39 25.08.2026
97
Azərbaycanda 18 yaşadək uşaq dünyaya gətirən qadınların sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsinin nəşrində məlumat verilib. 

Bildirilib ki, 2025-ci ildə 877 nəfər 18 yaşı olmayan qadın ana olub. Bu rəqəm 2024-cü ildə 1279 nəfər olub.

Sosioloq Naib Niftəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, 18 yaşında uşaq dünyaya gətirən qadınların sayının azalması müsbət göstəricidir:

"Ümumilikdə, 18 yaşında uşaq dünyaya gətirən qadınların sayının azalması müsbət göstəricidir. Müvafiq statistik müqayisədə fərq kifayət qədər çoxdur. Bu sahədə aparılan maarifləndirmənin təsiri var, müsbət tendensiyalar özünü göstərir. Əgər kimsə azad bir şəkildə və anlaşma şəklində münasibət quraraq nigah ittifaqına girirsə, de-fakto biz buna 16 yaşdan yol vermiş oluruq. Bu isə yüzlərlə azyaşlının ana olması deməkdir”. 

O qeyd edib ki, həddi-buluq yaşının 18 olmasını təmin etməliyik:

"Biz 18 yaşı tamam olmayan insanların  uşaq dünyaya gətirməsini istəmiriksə, onda həddi-buluq yaşının da 18 olmasını təmin etməliyik. Yəni onları 18 yaşa qədər istənilən fiziki, mənəvi, psixoloji yaxınlıqlıqla bağlı bariyerlər, qanunvericilik çərçivəsində qaydalar müəyyən edilməlidir. Əks halda bunun qarşısını almaq mümkün olmayacaq. İnsanlar nikaha daxil olmadan istənilən yaşda münasibətə girirlər. Yəni nikah onlarım münasibətlərini hüquqi çərçivəyə salır. Yəni nikaha daxil olmamaq münasibətə daxil olmamaq demək deyil. Ortadakı 2 yaşlıq fərq var, o problemləri bir qədər dərinləşdirən amil kimidir. Ya nikah yaşı 16-17 yaşa endirilməli, ya da həddi-buluq yaşı və nikah yaşının ikisi də 18 olmalıdır”.

"Birinci və ikinci dərəcəli qohumların münasibətinə sərt sanksiyalar tətbiq olunmalıdır. Yəni sırf nikahı qadağan etməklə qohum evliliklərinin qarşısını almaq mümkün deyil. Yəni insanlar bu qadağaları keçmək yolunu müəyyən mənada tapırlar. Bu isə sağlamlıq problemlərinə, münasibətlərin tənzimlənməsində ikili yanaşmalar səbəb ola bilər. Qohumlar arasında qeyri-rəsmi evliliklərə qarşı da sanksiyalar olmalıdır. İnsanların bu kimi addımlardan çəkinməsi üçün müəyyən addımlar atılmalıdır”,-deyə sosioloq qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR