Azərbaycanda 3 qurumun istintaq orqanları birləşir - “Bu addım şəffaflığı artıracaq”

Azərbaycanda 3 qurumun istintaq orqanları birləşir - “Bu addım şəffaflığı artıracaq”
SİYASƏT
16:57 01.04.2026
613
Xəbər verdiyimiz kimi, Azərbaycanda üç qurumun istintaq orqanının birləşdiriləcəyi planlaşdırılır.

Söhbət Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən istintaq idarələrindən gedir.

Əsasən büdcənin maliyyə siyasətini həyata keçirən qurumların istintaq strukturlarının birləşdirilərək xarici təcrübədə olduğu kimi vahid istintaq idarəsinin yaradılacağı gözlənilir. Yeni qurumun Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nəzdində fəaliyyət göstərməsi nəzərdə tutulur. 

Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlamasında deyib ki, sözügedən istintaq idarələrinin birləşdirilməsi maliyyə nəzarəti  baxımından əhəmiyyətli olar:

"Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi - istintaq idarələrinin birləşdirilərsə  əsasən maliyyə nəzarətini və istintaq proseslərini mərkəzləşdirmək baxımından əhəmiyyətli olar. 


Yəni, vahid istintaq komitəsinin yaradılması beynəlxalq təcrübədə mövcuddur. Bu eyni funksiyanın müxtəlif qurumlarda təkrarlanmasının, maraqların toqquşmasının qarşısını almış olar. Vahid istintaq komitəsinin yaradılması həm dövlət idarələrinin iş yükünü azaldar, həm də cinayətkar və maliyyə pozuntularının aşkarlanmasını sürətləndirər. Yəni belə bir yanaşma  vətəndaşlara və biznesə yönəlmiş şəffaflığı artırmaqla, dövlətin maliyyə yükünü azaltmasına xidmət edər”.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, nazirliklərin ayrı-ayrı istintaq orqanlarının olması düzgün deyil:

"Mərkəzləşmə və təmərküzləşmə doğru yanaşmadır. Nazirliklərin ayrı-ayrı istintaq orqanlarının olması düzgün deyil. Məsələn, vergi sahəsində yaranan problemi vergi orqanının öz istintaq qurumu araşdırır, yəni özlərini özləri yoxlayırlar. Bunun əvəzinə, müstəqil istintaq qurumu tərəfindən yoxlanılması daha doğru olardı”.

Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR