Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilir.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə millət vəkilləri, siyasi partiya təmsilçiləri, QHT rəhbərləri, media nümayəndələri iştirak edirlər.
Tədbirdə Şura sədri Azay Quliyev açılış nitqi ilə çıxış edərək deyib ki, son aylar ABŞ-da dövlət institutları da daxil olmaqla, bir sıra qurumlar Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən bəyanatlarla çıxış edir, ölkələr arasında strateji əməkdaşlığa uyğun gəlməyən mövqe ortaya qoyurlar: “Azərbaycan ictimaiyyətində bununla bağlı bir narahatlıq var. Bizə münasibətin səbəbləri ilə bağlı Şuraya müraciətlər daxil olub. Biz də qərara gəldik ki, Şura belə dinləmə keçirsin, ABŞ-ın özündə insan haqlarının vəziyyətini müzakirə edək. Tədbirə QHT rəhbərləri ilə bərabər, siyasi partiya liderləri, millət vəkilləri, analitik qurumların rəhbərləri dəvət olunub. Bu müzakirələrdə istərdik ki, təkcə ABŞ-da insan haqları ilə bağlı vəziyyətə yox, ABŞ-ın Azərbaycana qarşı siyasətində paradokslara aydınlıq gətirək. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqüssonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?”
A. Quliyev qeyd edib ki, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəliklərini yerinə yetirib: “Ermənistan Avrasiya İttifaqına qəbulla bağlı strateji qərar qəbul etdi, ABŞ-da buna etiraz oldu? ABŞ-da Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda QHT-lərin 102 nəfəri siyasi məhbus elan etməsinə niyə münasibət bildirilmir? Niyə ABŞ-ın keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar? Kozlariç, Kramer kimi keçmiş diplomatlar Azərbaycana qarşı açıq şəkildə çağırışlar edirlər. Onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən mesajlar verə bilməzlər”.
A. Quliyev xatırladıb ki, Azərbaycan heç bir bloka qoşulmayıb və dövlətin siyasəti müstəqilliyin qorunmasına, milli maraqların təmin olunmasına yönəlib.
Dinləmələr zamanı millət vəkili Zahid Oruc “ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik: ksenofobiya və islamafobiya təzahürlərinin güclənməsi”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar, hərbi müdaxilə və onların fəsadları”, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti İnstitutunun direktoru Musa Qasımlı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın mövqeyi: ikili standartlar siyasəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirov “Leqal korrupsiya və lobbiçilik - ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi” mövzusunda məruzələrlə çıxış edəcəklər.