Azərbaycan ərazisində beş nəfər 60 kiloqram narkotiklə tutulub.
AZXEBER.COM bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir.
Məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal və Yevlax rayonlarında keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimovanı, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifovu, 37 yaşlı Babək Talıbovu, 29 yaşlı Eyvaz Məmmədovu və 43 yaşlı Çingiz İsmayılovu saxlayıblar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.
Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.