"Naxtel” MMC 2025-ci il 1 dekabr tarixindən bütün xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, şirkət bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat verib.
Xidmətdən bildirilib ki, abunəçilər istifadə etdikləri nömrələri qorumaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 2025-ci il 1 oktyabr – 1 dekabr tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – "Azercell”, "Bakcell” və "Nar”a müraciət etməlidirlər.
Əgər abunəçilər göstərilən tarixədək nömrələrini digər şəbəkəyə keçirməsələr, həmin nömrələr ləğv olunacaq, müqavilələrə xitam veriləcək və aktiv xidmətlər dayandırılacaq. Balansda qalan istifadə edilməmiş vəsaitlər isə silinəcək.
Əlavə olaraq, silinmiş məbləğlərin geri qaytarılması və ya kompensasiyası nəzərdə tutulmur.
Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Bakı və Gəncə şəhərlərində xüsusi xidmət mərkəzlərində həyata keçiriləcək.