Azərbaycanda cinayət törədən uşaqların sayı azalıb

SOSİAL
16:17 15.07.2016
1271
Azərbaycanda yuvenal ədliyyə sisteminin islahatı çərçivəsində yaradılmış, 
2007-ci ilin sentyabr ayından fəaliyyətə başlayan Uşaq Hüquqları Klinikası, Cinayət Törətmiş Uşaqlar və Gənclər üçün Sosial Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən bu günədək 600-dən çox riskli davranışa meyilli, cinayət törətmiş və təhlükəli vəziyyətdə yaşayan uşaq ailəyə qaytarılıb və yarımçıq qalmış təhsillərini davam etdiriblər.Bunu "Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova deyib.K.Aşımova bildirib ki, yuvenal ədliyyə proqramı başlamazdan əvvəl ölkədə cinayət törədən uşaqların sayı yüksək - 680-dən (2005-2006-ci illərdə) çox idi. Uşaq tərbiyə müəssisəsində saxlananların sayı isə 70 (2006-cı ildə) olub.Təşkilat rəhbəri qeyd edib ki, Cinayət Törətmiş Uşaqlar və Gənclər üçün Sosial Psixoloji Reabilitasiya Mərkəzinin 2007-ci ilin sonundan Bakıda, 2014-cü ilin sentyabrından Quba və Gəncə şəhərlərində fəaliyyətə başlaması nəticəsində koloniyada və ya qapalı müəssisələrdə olan, cinayət törədən uşqların sayı azalıb.K.Aşımovanın fikrincə, aparılan işlər nəticəsində ümumilikdə ölkə üzrə cinayət törədən uşaqların sayı azalıb. 2013-2014-cü illərdə cinayət törədən uşaqların sayı 480-ə enib.Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, UNİCEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan hüquqları üzrə Müvəkkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılan bu mərkəzə yönəldilən uşaqlar və onların ailələri ilə aparılan iş, göstərilən dəstək belə uşaqların cəmiyyətə yenidən reinteqrasiyasını asanlaşdırıb: "Bu işlər uşaqların öz həyatlarını türmədə, uşaq koloniyasında deyil, normal inkişaf etməklə öz ailələrində davam etdirmələri ilə nəticələnib. Uşaqların mərkəzə yönləndirilməsinin əsas səbəbi ondadır ki, burada onların hər birinə fərdi yanaşılır və bu yolla da problemləri həllini tapır. Uşaqlar bizə inanır və problemlərini, arzularını mərkəzin əməkdaşları ilə bölüşürlər".Təşkilatın icraçı direktorunun sözlərinə görə, yuvenal ədliyyə proqramı başlamazdan əvvəl bir çox uşaqlarla aparılan sorğular zamanı məlum olub ki, onlar polis bölməsində və ya məhkəmədə olduqda vəkillə təmin edilməyib və valideyn olmadan dindiriliblər: "Yuvenal ədliyyə proqramının icrasından sonra müvafiq dövlət qurumlarının əməkdaşları uşaqları artıq rəsmi qaydada mərkəzə yönləndirirlər. Uşaq Hüquqları Klinikasının hüquqşünasları məhkəmə proseslərində uşaqları müdafiə etməyə nail olurlar. Onlar digər müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində BMT-nin Uşaq Hüquqları Konvensiyası, "Uşaq hüquqları haqqında" qanuna, BMT-nin Pekin qaydalarına əsasən bu prosesi həyata keçirirlər. Mərkəzlərin psixoloqları isə uşaqlarla aparılan sosial-psixoloji işlərin yekun rəyini məhkəmə hakimlərinə və prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim edirlər. Bu isə məhkəmə tərəfindən uşaqlarla bağlı daha düzgün, uşağın maraqlarına və beynəlxalq standartlara uyğun qərarların verilməsinə imkan verir. Bu fəaliyyətin sayəsində uşaqlar daha çox məhkumluq həyatı deyil, ailə üzvləri ilə birgə cəmiyyətin köməyi ilə reabilitasiya olunaraq həyatlarını davam etdirir, təhsillərini bitirir, peşə əldə edir və ya ali təhsilə qatılır və cəmiyyətə faydalı olan vətəndaşa çevrilirlər".K.Aşımova əlavə edib ki, aparılan işlərin nəticəsi olaraq, ölkədə ali məktəblərdə təhsil alan müvafiq fakültənin tələbələrinə uşaq hüquqları, sosial-psixoloji xidmət sahəsi geniş tədris edilir. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında da "İnsan və uşaq hüquqları" ayrıca fənn kimi tədris edilir.Mərkəz rəsmisi hesab edir ki, bu, gələcəkdə uşaq polis inspektorlarının yetişməsi və onların bu sahə üzrə biliklərinin düzgün istifadə etməsi ilə nəticələnəcək.Qeyd edək ki, Uşaq Hüquqları Klinikası, Cinayət Törətmiş Uşaqlar və Gənclər üçün Sosial Psixoloji Reabilitasiya Mərkəzi "Ümidli Gələcək" Gənclər Təşkilatının layihələri əsasında yaradılıb.
OXŞAR XƏBƏRLƏR