""Azpetrol” şirkətinin benzin və dizelin qiyməti ilə
bağlı proqnoz verməsi nə qədər təəccüblü görünsə də, yanacağın, xüsusən də
dizelin bahalaşmasının hətta müzakirəsi də o qədər arzuolunan deyil".
AZXEBER.COM-un məlumatına görə, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib. Onun
sözlərinə görə, dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər
sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır:
"Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda
deyil, çox fərqli sahələrdə o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə
edilə bilər. Bu həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft
məhsullarının ixracı baxımdan arzuolunan deyil. Buna görə də, yanacaq məhsullarının
xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi
daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması
yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var. Bütün hallarda, istehlak
bazarında qiymətlərin tənzimlənməsinin və eləcə də qeyri-neft ixracatının
artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına
ehtiyac hiss edilmir".