Milli Məclisdə Azərbaycanda doğum səviyyəsinin azalması və bunun gələcəkdə təhsil və əmək bazarına təsiri ilə bağlı narahatlıq ifadə olunub.
Baş nazir Əli Əhmədov parlamentin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib ki, son illər ölkədə demoqrafik artım tempi azalır. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb. Ə.Əhmədov qeyd edib ki, bu tendensiya davam edərsə, yaxın illərdə məktəblərdə təhsil alan şagirdlərin sayı azalacaq və bu da müəllimlərin ixtisarı riskini yarada bilər.
Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, doğuş səviyyəsinin azalması uzunmüddətli perspektivdə ölkənin iqtisadi və sosial strukturlarına da təsir edə bilər:

"Doğuş səviyyəsinin azalması yalnız demoqrafik göstərici deyil, uzunmüddətli perspektivdə ölkənin iqtisadi və sosial strukturlarına təsir edən ciddi bir prosesdir. Ona görə də məsələni təkcə təhsil sektorunda mümkün ixtisarlar prizmasından yox, daha geniş kontekstdə qiymətləndirmək lazımdır. Əlbəttə, ilk təsir təhsil sahəsində hiss olunur. Şagird sayının azalması gələcəkdə məktəblərin birləşdirilməsi, siniflərin sayının azaldılması və bunun nəticəsində müəllimlərə olan tələbatın müəyyən qədər aşağı düşməsi riskini yarada bilər”.
Parlamentari qeyd edib ki, sözügedən məsələ bununla məhdudlaşmır:
"Doğuşların azalması bir neçə ildən sonra uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələri, uşaq poliklinikaları, pediatriya sahəsi və uşaqlara xidmət göstərən müxtəlif sosial xidmət sahələrində də iş yerlərinin azalması ehtimalını artırır.
Daha uzunmüddətli dövrdə isə bu proses əmək bazarına təsir edir. Gənc nəslin sayının azalması gələcəkdə əmək qabiliyyətli əhalinin sayını azalda, nəticədə sənaye, xidmət, kənd təsərrüfatı və digər iqtisadi sahələrdə işçi qüvvəsi çatışmazlığı yarada bilər. Bu isə iqtisadi artım tempinə təsir göstərən amillərdən birinə çevrilir. Eyni zamanda, yaşlı əhalinin payı artdıqca sosial müdafiə və pensiya sisteminə düşən yük də artır”.
Deputat vurğulayıb ki, Azərbaycanda demoqrafik tendensiyalar uzunmüddətli strategiya çərçivəsində nəzərdən keçirilməlidir:
"Demoqrafik məsələ yalnız sosial deyil, həm də iqtisadi təhlükəsizlik məsələsidir. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə doğuş səviyyəsinin azalması fonunda hökumətlər ailələrə dəstək proqramlarını genişləndirir, gənc ailələr üçün mənzil və sosial təminat imkanlarını artırır, uşaq bağçaları və sosial xidmətlərin əlçatanlığını genişləndirirlər.
Azərbaycanda da demoqrafik tendensiyalar uzunmüddətli strategiya çərçivəsində nəzərdən keçirilməlidir. Gənc ailələrin sosial təminatı, mənzil imkanları, uşaq böyütməyin iqtisadi yükünün azaldılması və ailə institutunun gücləndirilməsi kimi addımlar bu sahədə daha balanslı nəticələr əldə etməyə kömək edə bilər. Çünki sabit demoqrafik inkişaf yalnız sosial siyasətin deyil, bütövlükdə dövlətin gələcək inkişaf modelinin vacib elementlərindən biridir”.
Şahanə Ziyad










































