Son illər dövlət və ictimai təşkilatlar tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda erkən nikah halları hələ də tam aradan qalxmayıb. Azyaşlı qızların ailə qurması faktları əsasən regionlarda qeydə alınır və bu hallar həm hüquqi, həm də sosial baxımdan ciddi narahatlıq doğurur.
Sosioloq Mətanət Məmmədova AZXEBER.COM-a açıqlamasında deyib ki, bu gün Azərbaycan cəmiyyətində ən ciddi sosial problemlərdən biri erkən nikahlardır:
"İllərdir marifləndirmə işləri aparılsa da, dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilsə də, statistik göstəricilər hələ də narahatedicidir. Erkən nikahlarla birlikdə qeyri-rəsmi doğulan uşaqların sayı son beş ildə ölkədə 82 min 944 uşaq erkən nikahlardan dünyaya gəlib, təkcə 2024-cü ildə bu rəqəm 13 min 228 olub. Bu da minlərlə azyaşlının ailə həyatı qurduğunu göstərir. Hər bir erkən nikah arxasında yüzlərlə ailənin, minlərlə insanın razılığı və ya susqunluğu dayanır. Yəni problem təkcə fərdi qərarlarda deyil, ümumilikdə ictimai düşüncə tərzində gizlənib”.
Ekspert deyib ki, valideynlər qanunlara məhəl qoymurlar:
"Rəsmi nikah yaşı 18 olaraq qəbul olunsa da, bəzi valideynlər və ailələr bu qanuna məhəl qoymadan uşaqlarını erkən yaşda ərə verirlər. Üstəlik, qohum evliliklərinin qadağan edilməsi bəzi hallarda bu nikahların "vətəndaş nikahı” şəklində baş verməsinə səbəb olur. Bu isə həm hüquqi, həm də dini baxımdan yolverilməz haldır. Erkən nikahların artmasının əsas səbəblərindən biri maarifləndirmənin azlığı və savad səviyyəsinin aşağı olmasıdır.
Xüsusilə rayon və kənd yerlərində iqtisadi çətinlik, sosial təminatsızlıq və ailə təzyiqləri gənc qızları bu addımı atmağa vadar edir. Bir çox qızlar ailə mühitində maddi sıxıntı, sevgisizlik və zorakılıq gördükləri üçün evliliyi çıxış yolu kimi görürlər. Lakin bu "çıxış yolu” əslində yeni problemlərin başlanğıcı olur”.
Sosioloq vurğulayıb ki, rəsmi nikah sənədi olmadığı üçün qadınların və uşaqların hüquqları qorunmur:
"Belə nikahlarda qadın istənilən anda tərk edilə bilər, uşağa atalıq verilməyə bilər, doğum haqqında şəhadətnamə almaq çətinləşir. Nəticədə həm qadın, həm də uşaq sosial və hüquqi baxımdan zərər çəkmiş olur. Problemin həlli üçün icra nümayəndəlikləri, bələdiyyələr və hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməlidirlər. Xüsusilə kənd və rayonlarda əhali ilə sıx təmasda olan yerli strukturlar ailə münasibətlərinə nəzarəti gücləndirməlidir. Hər bir icra nümayəndəliyi ərazisində kimlərin qeyri-rəsmi birlikdə yaşadığı, azyaşlı nikahların olub-olmadığı barədə məlumatlı olmalıdır”.
M.Məmmədova qeyd edib ki, erkən nikahlar yalnız bir ailənin deyil, bütöv bir cəmiyyətin gələcəyinə təsir edir:
"Qız uşaqlarının təhsildən uzaqlaşdırılması, uşaqlıq illərinin əlindən alınması, erkən ana olmağın gətirdiyi sağlamlıq riskləri, gələcəkdə sosial problemlərin artmasına gətirib çıxarır. Dövlət bu istiqamətdə mühüm addımlar atır, lakin maarifləndirmə və ictimai məsuliyyət hissi güclənmədən nəticə tam alınmayacaq. Ailələr övladlarının taleyinə sahib çıxmalı, "qohumdur, biz tanıyırıq” düşüncəsi ilə deyil, məsuliyyət və savadla qərar verməlidirlər. Əks halda, savadsızlıq və laqeydlik davam etdikcə, erkən nikahlar da davam edəcək”.
Şahanə Ziyad










































