Kinoteatrlarda yeni film təqdim olunacaq.
Romantik komediya janrında çəkilən "Evdə qalmış” filmi 9 fevraldan "Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir.
Qonşunun, qohum-əqrəbanın "Evdə qalmısan?”, "A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır. Onlar 30 yaşlarını subay yoxsa evli kimi keçirəcəklər? "Evdə qalmış” sözündən canlarını qurtarmaq üçün seçdikləri yol onların həyatını necə dəyişəcək?
Filmdə Kəmalə Piriyeva, Şəhriyar Əbilov, xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.
Ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.
Qeyd edək ki, çəkilişlər Bakının mərkəzində, Türkan qəsəbəsi, Balaxanı kəndi, İsmayıllı, Qəbələdə olub.