Azərbaycanda evli cütlüklər niyə uşaq istəmirlər? - Bizi gözləyən TƏHLÜKƏ

Azərbaycanda evli cütlüklər niyə uşaq istəmirlər? - Bizi gözləyən TƏHLÜKƏ
SOSİAL
13:50 21.04.2025
332
Xəbər verdiyimiz kimi, cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

Ölkədə doğulan körpələrin sayının azalmasının səbəbləri ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, demoqrafik vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək lazımdır:

"Müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Demoqrafik vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar. Ancaq bu müxtəlif ölkələrdə  fərqli şəkildə özünü göstərir. Məsələn, Hindistan əhalinin artım sürətinə görə dünyada birinci, ümumi əhalinin sayına görə isə ikinci ölkədir. Ölkədə hər il 13,7 milyon nəfərlik sürətli əhali artımı müşahidə olunur. Pakistan 5,2 milyon insan artımı ilə ikinci yerdədir. Reytinqdə üçüncü yerdə 200 milyondan çox əhalisi olan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Nigeriya qərarlaşıb. Lakin bununla yanaşı, Çin mənfi 2,8 milyon nəfərlə dünyada ən çox əhali itkisinə malikdir. Əhali itkisi mənfi 774,5 min nəfər olan Yaponiya da əhalinin qocalması problemi ilə üzləşib. 


Rusiya ildə mənfi 497,6 min nəfər itki ilə dünyada üçüncü yerdədir. Dördüncü yerdə Almaniya mənfi 314,9 min nəfər azalma göstərir ki, bu da ilk növbədə əhalidə yaşlıların xüsusi çəkisinin artması və doğum səviyyəsinin azalması ilə bağlıdır. 

Yüksək iqtisadi gücünə baxmayaraq, ölkə işçi çatışmazlığından əziyyət çəkir. Əhalinin sayına görə növbəti autsayderlər bunlardır: İtaliya (-278,8 min nəfər), İspaniya (-110,6 min nəfər), Cənubi Koreya (-109,1 min nəfər), Polşa (-94,4 min nəfər) və Rumıniya (-73,5 min nəfər)".
 
Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar: 

"Azərbaycanda ümumi nəsilvermə əmsalı 1970-ci ildə  4,7, 1980-cı ildə 3,3, 1990-cı ildə 2,8, 2010-cu ildə 2.3, 2020-ci ildə 1.7, 2023-cü ildə isə 1.6 olmuşdur. Və əlbəttə ki, təbii artımda da biz dinamikanın azalmasını müşahidə edirik. Doğrudur, Azərbaycanda hələ ki, vəziyyət təhlükəli deyil. Ancaq gələcəkdə demoqrafik parametrlərdə mənfiyə doğru dəyişikliyin qarşısını almaq üçün tədbirlər görülməlidir".
 
"Bir çox nüfuzlu tədqiqatçıları belə bir fikri təsdiqləyirlər ki, bəşəriyyət 21-ci əsrdə heyrətamiz sosial dəyişikliklərlə üz-üzədir. Belə ki, dünyanın bəzi ölkələrində doğulan uşaqların sayının planlaşdırırlması ilə bağlı ciddi tədbirlər görüləcək, eyni zamanda, dünyanın əksər hissəsi iqtisadi artım, azalan işçi qüvvəsi və təbii artımın  azalması səbəbindən qocalma ilə bağlı ciddi problemlərlə üzləşəcəkdir" deyən Hicran Hüseynova sözlərinə belə davam edib:
 
"Təbii artımın  dinamikası ilə bağlı araşdırma göstərib ki, 2100-cü ilə qədər ölkələrin 97%-i demoqrafik böhranla üzləşəcək. Eyni zamanda, aşağı gəlirli regionlarda doğum səviyyəsi demək olar ki, iki dəfə artacaq. Aparılan təhlillərə görə təbii artım bir sıra amillərdən asılıdır: insanların həyat tərzi(şəhər və ya kənd), sağlamlıq, o cümlədən, reproduktiv sağlamlıq, qidalanma səviyyəsi (xüsusilə ekoloji təmiz qıdalanma),  əmək və məişət şəraiti; stereotiplər; əhalinin strukturu ( cins, yaş, nikah, ölüm); müharibələr,  epidemiyalar, ekoloji problemlər və s. Və bir məsələni də qeyd etmək lazımdır ki, tarix boyu ailədə ideal uşaq sayı ilə bağlı fikirlər dəyişimişdir.
 
Məsələn, sosioloqlar və demoqraflar   bildirirlər ki, ailədə 3 və daha çox uşaq olmalıdır.  Lakin 20-ci əsrin ikinci yarısından başlayaraq çoxuşaqlı ailələri " Nuklear ailə " adlandırılan ailə - 1-2 uşaqlı evli cütlük əvəz etdi. Harmonik ailə mühitində uşaqların optimal sayını təyin edərkən hər bir ailə üzvünün fiziki, emosional və sosial rifahına təsir edən bir sıra amillər nəzərə alınmalıdır. Uşaqların ehtiyacları və onların tərbiyəsi şərtləri, eləcə də bütün uşaqlar arasında valideyn diqqət və qayğısının balanslaşdırılmış bölgüsü əsasən ailənin resurslarından və statusundan asılıdır. Lakin nəzərə almaq lazımdır ki, burada universal formula yoxdur və hər bir vəziyyət fərdi yanaşma tələb edir.
 
Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə xüsusi diqqət yetirir: "Demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Biz bəzi ölkələrin problemlərini bilirik. Bəzi ölkələrdə demoqrafik tənəzzül müşahidə olunur və o ölkələr xüsusi proqramlar tətbiq edirlər. Bəzi ölkələrdə isə demoqrafik inkişaf o qədər sürətlidir ki, ölkə iqtisadiyyatı buna dözmür. Ona görə bizim iqtisadiyyatımız və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və ağır sənaye ilə bağlı olan təşəbbüslərimiz, o cümlədən demoqrafik amil də hesablanmalıdır. Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir”. Ümumi sosial siyasətin bir hissəsi kimi demoqrafik siyasət hazırda ölkəmizdə də xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyev tərəfindən demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə İnkişaf Konsepsiyaları, Dövlət Proqramı, Fəaliyyət Planları təsdiq edilmişdir. Qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir.  Bütün bunlar əhalinin optimal təkrar istehsalına nail olunması, ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailənin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri tədbirləri özündə əks etdirir. Həmçinin, Azərbaycan Respublikasının Birinci Vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı və diqqəti xüsusi olaraq qeyd etmək lazımdır. 

Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycan Respublikasının inkişafı deməkdir". 

AZXEBER.COM mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də müraciət edib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva bildirib ki, Dövlət bu sahədə bir çox proqram həyata keçirir:
 
"Ölkəmizdə dövlət tərəfindən həyata keçirilən islahatlar iqtisadi və sosial inkişafın təmin olunması ilə yanaşı, ölkənin demoqrafik inkişafına, habelə əhali artımına da müsbət təsir göstərir. Belə ki, 2023-cü ildə ölkə əhalisinin sayı 0,5 faiz artaraq 2024-cü ildə əvvəlinə 10 milyonu keçərək 10180,8 min nəfərə çatmışdır".
 
Komitə sədri doğulanların sayında azalma müşahidə olunmasının səbəblərindən biri nikahların sayının azalması, boşanmaların sayının artmasıdır deyib:
 
"Əhalinin sayının artım dinamikasına fikir versək görərik ki, son illər ərzində əhalinin ümumi sayında artım müşahidə olunsa da, təbii artımın və doğulanların sayında azalma müşahidə olunur. Belə ki, 2015-ci ildə təbbii artım 111 513 min, doğuşların sayı 164,6 min, diri doğulanların sayı 166210 təşkil edib. 2023-cü ildə isə qeyd olunan göstəricilər azalaraq təbii artım- 52470 , doğuşların sayı 118,0 min, diri doğulanların sayı -112,6 min olub. Bunun səbəbləri müxtəlifdir. Səbəblərdən biri nikahların sayının azalması, boşanmaların sayının artmasıdır. 2015-2023-cü illər ərzində nikahların sayı 68 773-dən 54200-dək azalmış, boşanmaların sayı isə 12 764-dən 21688-dək artmışdır. Bununla yanaşı, doğum nisbətinin  aşağı düşməsinin səbəbi  kimi hamiləliyin süni yol ilə pozulmasının sayının artmasını göstərmək olar. Eyni müddətdə (2015-2023 -cü illər ərzində) doğuşların sayı 164,6min-dən 118,0 min-dək azalmış, abortların sayı isə 27,5 min-dən 73,8 min-dək artmışdır".
 
Kamilə Əliyeva həmçinin bildirib ki, ultrasəs müayinə cihazlarının əlçatanlılığı və selektiv abortlar doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasına yol açır:
 
"Abortların sayının artmasına uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının xüsusi qeyd etmək lazımdır. Dölün cinsiyyətini müəyyən etməyə imkan verən ultrasəs müayinə cihazlarının əlçatanlılığı və geniş istifadəsi zəminində oğlan uşağına verilən üstünlük nəticəsində edilən selektiv abortlar doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasına yol açır.
 
Doğulan körpələrin cins nisbətinin pozulması halları digər ölkələrdə olduğu kimi bizdə də narahatlıq doğuran məsələlərdən biridir. Baxmayaraq ki, son üç il ərzində cins nisbətinin pozulmasına görə ölkədə azalma müşahidə olunur, ümumilikdə göstərici hələ də yüksək olmaqda qalır. Doğulan körpələrin cins nisbətinin pozulmasına görə 100 qıza 2021-ci ildə 116 oğlan, 2022-ci ildə isə 112 oğlan, 2023-cü ildə 113 oğlan təşkil edib. Oğlan uşaqlarına üstünlüyün verilməsi onlara daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu, ənənəvi təcrübələr və sosial normaların təzahürüdür və ölkədə gender əsaslı cins seçiminin kökündə dayanan əsas səbəbdir".
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq ailə məsələləri ilə bağlı müxtəlif araşdırmalar aparıldığını, təhlillərin hazırlandığını deyən şöbə müdiri bunların sosial şəbəkələr vasitəsilə yayımlandığını da xüsusi qeyd edib:
 
"Azərbaycan ailəsində gender bərabərliyinə mane olan patriarxal yanaşma və ayrı-seçkilik xarakterli stereotiplərə həsr olunan təhlil”, "Gələcəyin ailə modelini simvollaşdıran əsas dəyərlər mövzusunda təhlil”, "Ölkədə qohum evlilikləri üzrə vəziyyətin  öyrənilməsinə dair keçirilmiş tədqiqatın təhlili” və s. Eyni zamanda, Dövlət Komitəsi və Komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən əhalinin, xüsusilə yeniyetmə və gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması, təhlükəsiz reproduktiv sağlamlıq davranışları, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və digər mövzularda məlumatlandırılması istiqamətində işlər aparılır, elektron vəsaitlər hazırlananraq əhalinin geniş kütləsinin istifadə etdiyi məkanlarda yerləşdirilir, sosial şəbəkələr vasitəsilə yayımlanır, çap məsulları hazırlanır və paylanılır.
 
Günel Hüseynli 

Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və ailə məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.
 

 




 


OXŞAR XƏBƏRLƏR