Azərbaycanda hamilə arvadını və arvadı ilə gəzən iki kişini bıçaqlayan kişinin MƏHKƏMƏSİ

Azərbaycanda hamilə arvadını və arvadı ilə gəzən iki kişini bıçaqlayan kişinin  MƏHKƏMƏSİ
13:38 18.03.2013
2624

Şirvan Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətmək və iki və ya daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirli bilinən Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Xəlil Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Xəlil Hüseynov arvadı Kübra Axundovanın başqa kişilərlə intim münasibətlərdə olmaqla ona xəyanət etməsindən şübhələnib. O, 2012-ci il iyulun 27-nə keçən gecə bu barədə arvadına sorğu-sual edərkən arvadından öz bacısının əri Zaur Gözəlovun və arvadının xalası oğlu Cəlal Baxışovun onunla zorla cinsi əlaqədə olduqlarını eşidib.

Qısqanclıq və işgəncə ilə törədilən qətl...

Xəlil Hüseynov arvadından Zaur Gözəlov və Cəlal Baxışovun hərəkətlərini eşidib və cinayəti törətmək qərarına gəlib.

Bu məqsədlə 27 iyul 2012-ci il tarixdə, saat 13 radələrində Salyan rayonunun Arbatan kəndində yaşadığı evdən mətbəx bıçağı və üstündə gəzdirdiyi cib bıçağını götürərək həyətdəki bağda hamilə vəziyyətində olan Kubra Axundovanı yerə yıxıb və ona əzab, işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirib.

Bacısının ərini 16 bıçaq zərbəsi ilə qətlə yetirdi

Arvadını işgəncə ilə qətlə yetirəndən dərhal sonra Xəlil Hüseynov həmin gün saat 14 radələrində Ələt-Astara avtomobil yolu ilə Salyan rayonunun Arbatan kəndinə gedən yolun kəsişməsində yerləşən “Hafiz” inşaat materialları mağazasına gəlib. Orada işləyən Zaur Gözəlovu bayıra çağıraraq mağazanın arxasında bıçaqla bədəninin müxtəlif nahiyələrinə 16 dəfə zərbə vurub. O, həmin bıçaq zərbələrini vurandan sonra Zaur Gözəlovun ölməsinə əmin olub və hadisə yerindən gedib.

Baş tutmayan qətl...

Həmçinin Xəlil Hüseynov həmin gün saat 14 radələrində qəsdən adam öldürməyə yönəlmiş niyyətini davam etdirərək Kubra Axundovanın xalası oğlu Cəlal Baxışovu axtarıb. Xəlil onu Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən “Optika” mağazasının qarşısında görüb. Xəlil həmin vaxt Cəlal Baxışova yaxınlaşaraq bıçaqla iki dəfə vurub. Lakin Cəlal Baxışova zərbələr vurarkən bıçaq sınıb. Ətrafdakı şəxslər Xəlil Hüseynovu tutaraq özü ilə götürdüyü digər mətbəx bıçağı ilə yenidən zərbələr vurmasına mane olub.

Bundan sonra Cəlal Baxışovun qaçaraq yaxınlıqdakı təmir olunan çayxanaya girib. Ona sonradan Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq zəruri tibbi yardım göstərilib. Buna görə də Cəlil Baxışovun həyatını xilas etmək mümkün olub. Xəlil Hüseynov isə iradəsindən asılı olmayan səbəblərə görə öz əməlini başa çatdıra bilməyib.

15 il cəza narazılıq doğurdu

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xəlil Hüseynov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmündən Baş Prokurorluq narazı qalıb və apelyasiya protesti verib. Prokurorluq Xəlil Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş tərəflərdə apelyasiya şikayəti verərək, onun cəzasının ağırlaşdırılmasını istəyiblər.

Tərəflərin apelyasiya şikayətlərinə Şirvan Apelyasiya Məhkəməsində hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apelyasiya və kasasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Ədalət Əzimov çıxış edib. O, Xəlil Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 29,120.2.7-ci (qəsdən adam öldürmə) maddələri ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı Azər Abbasov tərəfindən verilmiş apelyasiya protestinin dəlillərini müdafiə edib.

Prokuror eyni zamanda Xəlil Hüseynov tərəfindən törədilmiş cinayət əməllərinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun normasının düzgün tətbiq edilmədiyini, bununla da Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinin pozulduğunu deyib. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmadığını bildirib.

Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisləri Abdülrəhim Axundov və Nizam Gözəlov Xəlil Hüseynovun barəsində cəzanın ağırlaşdırılması ilə bağlı dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlillərini müdafiə etdiklərini bildirbilər.

“Arvadımın mənə xəyanət etməsindən şübhələnmişəm”

Prosesdə Xəlil Hüseynovun müdafiəçisi İdris Qasımov dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlilləri ilə razı olmadığını və eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən ədalətli cəza təyin edildiyini, cinayət qanununun normasının düzgün tətbiq edildiyini bildirib.

Məhkəmədə Xəlil Hüseynov da çıxış edib. O, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlilləri ilə razı olmadığını bildirib. Xəlil Hüseynov qeyd edib ki, Kübra Axundova ilə 2008-ci il iyulun 31-də evləniblər. Onun sözlərinə görə, Kübra Axundova ilə ər-arvad kimi yaşadıqları müddətdə iki uşaqları dünyaya gəlib:

“Arvadımın mənə xəyanət etməsindən şübhələnmişəm. Buna görə də aramızda qısqanclıq zəminində mübahisələr başlayıb. Bu xəyanətin səbəblərini araşdırdıqdan sonra 27 iyul 2012-ci il tarixdə əvvəlcə arvadım Kubra Axundovanı, sonra yeznəm Zaur Gözəlovu bıçaqla öldürdüm. Arvadımın xalası oğlu Cəlal Baxışovu bıçaqlasam da, iradəmdən asılı olmayan səbəblərə görə onu öldürə bilmədim”.

Ömürlük cəza təyin edilmədi, 15 il cəza qüvvədə saxlanıldı

Bütün tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya protesti üzrə qərarı açıqlayıblar. Qərara görə, Xəlil Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 29,120.2.7-ci maddələri ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin olunmayıb. Məhkəmə təqsirləndirilən şəxsin ömürlük cəza alması ilə bağlı dövlət ittihamçısının protestini geri qaytarıb. Təyin edilmiş 15 il azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.

Mənbə: Publika.az

OXŞAR XƏBƏRLƏR