Azərbaycanda həkimlər ölkəni niyə tərk edir? – “Bunu etməsək axın dayanmayacaq”

Azərbaycanda həkimlər ölkəni niyə tərk edir? – “Bunu etməsək axın dayanmayacaq”
SOSİAL
15:49 21.11.2025
936
Azərbaycan səhiyyə sistemində uzun illərdir müzakirə olunan kadr çatışmazlığı problemi yenidən gündəmə gəlib. Xaricə gedərək geri dönməyən həkimlərlə bağlı narazılıqlar Milli Məclisin dünənki iclasında səsləndirilib. Deputat Səyyad Salahlı çıxışında səhiyyə naziri Teymur Musayevin təyinat siyasətini tənqid edərək bildirib ki, təyinat alan hər bir həkim mütləq şəkildə göndərildiyi bölgəyə yollanmalı, əks halda onlara diplom verilməməlidir. Deputat, həmçinin həkimlərin xaricə üz tutmasını doğru addım hesab etmədiyini və onların Vətən qarşısında öhdəliklərini yerinə yetirmələrinin vacibliyini vurğulayıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycandan həkim axınının bir neçə əsas səbəbi var:


"Birincisi tələbələr daha yaxşı tibbi təhsil üçün xaricə üz tuturlar. Digər əsas səbəb isə əməkhaqqı və qiymətləndirmə sistemidir. Həkimlər düşünür ki, ölkədə özlərini tam reallaşdıra bilmirlər. Əsas istiqamətlər Türkiyə və Almaniyadır, həmçinin Fransa, Danimarka, İngiltərə, ABŞ və digər Avropa ölkələrində də azərbaycanlı həkimlər çalışırlar”.

Professorun sözlərinə görə, xaricdə həkimlər icbari tibbi sığorta çərçivəsində işləyir və fiksə olunmuş, stabil və yüksək maaş alırlar:

"Azərbaycanda da həkimlər üçün stabil maaş modeli tətbiq edilməlidir. Bu, icbari tibbi sığortanın əsas istiqamətlərindən biri olmalıdır. Problemin həlli üçün fiks maaş mexanizminin qurulması vacibdir”.

A.Qeybulla bildirib ki, yüksək şəraitə uyğunlaşan həkimlərin əksəriyyəti ölkəyə qayıtmaq istəmir:

"Xaricdə təhsil alan tələbələr oradakı səviyyəyə alışdıqdan sonra dönmək istəmirlər. Amma geri qayıdıb özəl sektorda çalışan mütəxəssislər də var. Hazırda Anoloji Elmi Mərkəzdə xeyli sayda xaricdə təhsil almış həkim çalışır və ürək əməliyyatları, mürəkkəb nevro-cərrahi müdaxilələr məhz onların sayəsində icra olunur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR