Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanırlar.Fərmana əsasən, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.