Respublika ərazisindəki heyvanların qeydiyyata alınması və identifikasiyalaşdırılmasına başlanılıb. Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji nəzarət və müalicə profilaktika sektorunun müdiri Kliment Əsədov bildirdi ki, hələ 2 il əvvəl yaradılan "Tvininq" layihəsi çərçivəsində hər bir heyvana xüsusi nömrə verilməsi nəzərdə tutulub. Heyvanın xüsusi nömrəsi onun ya qulaq, ya də mədə hissəsində olacaq. Nömrənin əvvəlində Azərbaycanın kodu olacaq. Sektor mudiri bildirdi ki, artıq bu nömrələri oxuyan aparatlar da müəyyən olunub ki, onların vasitəsilə heyvanlar haqqında bütün məlumatlar elektron variantda toplanacaq və regionlardan mərkəzə ötürüləcək. Bu elektron variantın hesabına heyvanın nömrəsiylə onun hansı vətəndaşa sahib olduğunu və bu günə kimi onun üzərində aparılan əməliyyatlar öz əksini tapacaq.Kliment Əsədov bildirdi ki, hazırda pilot layihə kimi Siyəzən və Xızı da 300 baş xırda və iribuynuzlu heyvanda identifikasiya işləri aparılıb. 500-ə yaxın atda nömrələmə işlərinin aparılması davam etdiriləcək.