Azərbaycanda ictimai iştirakçılıq praktikası təkmilləşdirilməlidir

Azərbaycanda ictimai iştirakçılıq praktikası təkmilləşdirilməlidir
SOSİAL
11:32 27.08.2023
575
"Alternativ” Kommunikasiya və Tədqiqatlar İB ciddi dəyişiklikləri zəruri hesab edir.

"Azərbaycan  təcrübəsində ictimai iştirakçılığın genişləndirilməsi və ictimai nəzarətin gücləndirilməsi sahəsində yeni  yanaşmaya ehtiyac var. Bu vaxta qədər əldə olunmuş təcrübə və nəticələr ciddi təhlil edilməli və mövcud nöqsanların aradan qaldırılması üçün qanunvericilik islahatlarları, eyni zamanda institusional dəyişikliklər həyata keçirilməlidir. Hazırkı təcrübə cəmiyyətdə daha çox mənfi münasibətlə xarakterizə edilir”. 

Son vaxtlar dövlət orqanları yanında yaradılmış İctimai Şuralara seçkilərlə bağlı  başlayan müzakirələrlə əlaqədar rəyini öyrəndiyimiz "Alternativ” Kommunikasiya və Tədqiqatlar İB-dən bu barədə bildirdilər. 

Təşkilat rəhbəri Anar Yusifzadə qeyd etdi ki,  İctimai Şuraların formalaşmasının indiki nümunəsi, yəni QHT nümayəndələri tərəfindən seçilməsi artıq özünü doğrultmur: "QHT-lər peşəkarlıq prinsipini yox, özlərinin maraqlarına cavab verən şəxslərin seçilməsi yanaşmasını əsas götürürlər. Bu zaman seçilənin kimliyi, kvalifikasiyası, ictimai reputasiyası heç nəzərə alınmır. Nəticədə son vaxtlar İctimai Şuralara bu qurumların fəaliyyət sahəsi ilə heç bir əlaqəsi olmayan, qeyri-peşəkarlar seçilir. Bu isə haqlı narazılıq yaradır. Bir qrup şəxsin davamlı şəkildə bir neçə İctimai Şuraya seçilməsi də narazılıq yaradır". 

A.Yusifzadə qeyd edib ki, İctimai Şuraların dövlət qurumlarının bir qeyri-rəsmi bölməsi kimi çıxış etməsi də qıcıq yaradır. Onun sözlərinə görə, bu vəziyyət yalnız ciddi qanunvericlik və institusional islahatlarla normallaşa bilər. 

A.Yusifzadənin fikrincə, bu sahədə radikal dəyişikliklər etmək artıq bir zərurətdir.
OXŞAR XƏBƏRLƏR