‘Azərbaycanda keçirilən konfransda iştiraka Kılıcdaroğlu razılıq verdi’

‘Azərbaycanda keçirilən konfransda iştiraka Kılıcdaroğlu razılıq verdi’
Bütün Xəbərlər
14:30 16.01.2013
826

Fazil Mustafa: “Ancaq bu o demək deyil ki, hakimiyyət bizim fikirlərimizlə idarə olunur”

AZXEBER.COM portalı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlunun “OLAYLAR”-a müsahibəsini təqdim edir.

-Fazil bəy, Türkiyəyə səfərinizin məqsədi nə idi və səfər çərçivəsində bu ölkənin siyasi dairələri ilə görüşləriniz oldumu?

-Türkiyəyə səfərimiz bu ölkənin siyasi partiyaları ilə görüş xarakteri daşıyırdı. Səfər çərçivəsində Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, partiyanın sədr müavinləri Haluk Koç, Gürşad Təkin və başqa rəsmilərlə görüşlərimiz oldu. Keçirilən görüşlərdə partiyalararası əlaqələrin genişləndirilməsi, inkişaf etdirilməsi məsələləri əsas müzakirə mövzusu oldu. Digər tərəfdən sosial demokratların daha çox Azərbaycan mövzusuna diqqət yetirməsini, xüsusilə beynəlxalq arenada, Sosialist İnternasionalında Azərbaycanla bağlı müzakirələrdə bizim mövqeyimizə dəstək verilməsi istiqamətində onlardan müəyyən xahişlərim oldu. Onlar da öz növbəsində bunu anlayışla qarşıladılar. Özləri də etiraf etdilər ki, bu sahədə müəyyən dərəcədə əlaqəsizlik var və çalışmalıyıq ki, bunu ortadan qaldıraq. Yəni, ən azı xoş niyyətlə Azərbaycan davasına dəstək verməyi özlərinə bir borc hesab etdikləri etirafında bulundular. Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu da bu etirafı etdi. Ümid edirəm ki, bundan sonrakı proseslərdə Azərbaycanla bağlı məsələlərdə Cümhuriyyət Xalq Partiyası daha ciddi həssaslıq göstərəcək. İndiyə qədər bəlkə də bu ciddi şəkildə hiss edilmirdi. Ancaq bundan sonra daha ciddi şəkildə seziləcək. Türkiyəyə səfərim zamanı Milliyətçi Hərəkat Partiyasında da görüşlərim oldu. Partiyanın sədr müavinləri Toğrul Türkeş, Abbas Bozyellə görüşlərim keçirildi. Milliyətçi Hərəkat Partiyasında keçirilən görüşlərdə də partiyalararası münasibətlərin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda Türkiyə-Azərbaycan münasibətləri və digər məsələlər ətrafında da müzakirələr apardıq. Eyni zamanda Türkiyədəki Strateji Araşdırmalar Mərkəzində, Azərbaycan Kültür Dərnəyində görüşlərimiz oldu. Dərnəyin rəhbəri Cəmil Ünalla maraqlı görüşümüz keçirildi və müəyyən məsələlərdə fikir mübadiləsi apardıq. Ümumiyyətlə, Türkiyədə keçirilən görüşlərdə biz həm də müəyyən məsələlərə olan münasibətlərimizi açıqladıq. Onların da buna maraq göstərdiklərini gördüm. Əsas odur ki, onlar hələ də Azərbaycan haqqında yetərincə informasiyaya sahib deyillər. İstər Azərbaycan, istərsə də Dağlıq Qarabağ problemi ilə bağlı proseslərin gedişini çox da dəqiq izləyə bilmirlər. Hesab edirəm ki, burada bizim də günahımız var. Məncə bu kimi səfərlər və görüşlər informasiya mübadiləsi baxımından faydalıdır.

-Türkiyənin siyasi partiyaları ilə keçirdiyiniz görüşlərdə qarşılıqlı səfərlərin həyata keçirilməsi də müzakirə edildimi? Konkret olaraq CHP və MHP rəhbərliyini Azərbaycana səfər dəvət etdinizmi?

-Təbii ki, bu məsələ də müzakirə mövzusu oldu və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunu Azərbaycana səfərə dəvət etdim. CHP sədri də bu səfəri məmuniyyətlə qəbul etdi və hər hansı bir şəkildə Azərbaycana gələcəyini bildirdi. Azərbaycanda keçirilən yüksək səviyyəli bir beynəlxalq konfransda iştiraka Kamal Kılıcdaroğlu məmnuniyyətlə razılıq verdi.

-Həmin konfrans Böyük Quruluş Partiyasının təşkilatçılığı ilə baş tutacaq?

-Bunun fərqi yoxdur. Bizim partiyanın da təşkilatçılığı ilə də baş tuta bilər. Yaxud hansısa strateji mərkəzin keçirdiyi bir tədbir olarsa mən onları Azərbaycana dəvət edəcəm.

-Türkiyənin siyasi dairələri ilə keçirdiyiniz görüşlər zamanı onların seçki təcrübəsi ilə də yaxından tanış oldunuzmu?

-Təbii ki, istifadə edəcəyik. Ümumiyyətlə xarici ölkələrin seçki təcrübəsindən biz həmişə yararlanırıq. Təkcə Türkiyə deyil, eləcə də Rusiyanın seçki təcrübəsindən istifadə edirik. Yəqin ki, keçirdiyimiz görüşlərin nəticəsi olaraq Türkiyənin seçki təcrübəsi bizim üçün faydalı olacaq.

-Fazil bəy, bu günlərdə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən belə bir məlumat yayılıb ki, Novruz bayramından sonra Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhd göstəriləcək və ölkədə inqilab baş verəcək. Sizcə, bu informasiyalar nə dərəcədə həqiqəti əks etdirir? Ümumiyyətlə, bu məlumatlar haradan qaynaqlanır?

-Güman etmirəm ki, belə bir hadisə baş versin. Sadəcə Azərbaycanda siyasi atmosferi istədikləri kimi formalaşdırmaq üçün belə fikirlər yayırlar. Allah Azərbaycanı inqilabdan qorusun və islahatlar yolu ilə biz ölkənin gələcəyini müəyyən edə bilək. Bizim əsas çalışdığımız budur.

-Bir sıra siyasi qüvvələr sizi hakimiyyətin sözünü deyən və hakimiyyətə xidmət edən partiya sədri kimi qələmə verirlər. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Fazil Qəzənfəroğlu Müsavat Partiyasının başqanını müxalifətin vahid namizədi kimi gördüyünü deməklə əslində hakimiyyətin mövqeyini ortaya qoyur. Bu ittihamlara qarşı nə deyərdiniz?

-Əgər hakimiyyət mənim mövqeyimdən çıxış etsəydi, o halda Azərbaycan demokratik bir ölkəyə çevrilərdi. Hələ bu adamlar başa düşmürlər ki, mənim fikirlərimi, görüşlərimi hakimiyyət paylaşsa və bir sıra sahələrdə təklif etdiyimiz proqramları həyata keçirsəydi Azərbaycanda Avropasayağı normal bir dövlət qurulardı. Hesab edirəm ki, bütün bunlar indiyə qədər bilərəkdən formalaşmış fikirlərdir. Təbii ki, hakimiyyətdə bizim görüşləri paylaşan, ona müəyyən dərəcədə yaxın olan insanlar var. Ancaq bu o demək deyil ki, hakimiyyət bizim fikirlərimizlə idarə olunur. Əgər belə olsaydı mən çox sevinərdim və özümü həqiqətən xalqa xidmət etmiş sayardım ki, hakimiyyət demokratik islahatlar istiqamətində bizim mövqeyi paylaşır.

OXŞAR XƏBƏRLƏR