Azərbaycanda kişi arvadını öldürdü, oğlunu yaraladı - TƏFƏRRÜAT

Azərbaycanda kişi arvadını öldürdü, oğlunu yaraladı - TƏFƏRRÜAT
00:21 01.02.2013
1108

Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə, oğluna ağır xəsarət yetirməkdə təqsirli bilinən İmişli rayon sakini Taleh Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, ötən il aprelin 16-da İmişli rayonunun Qələndərli kənd sakini, 45 yaşlı Taleh Məmmədov həyat yoldaşı Aidə Orucovanı və oğlu, 24 yaşlı Elnur Məmmədovu bıçaqlayıb. Hadisə nəticəsində Aidə Orucova dünyasını dəyişib, 24 yaşlı Elnur isə qolundan ağır yaralanıb. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, Taleh Məmmədov hadisədən əvvəl dəfələrlə arvadı ilə mübahisə edib, dalaşıb. O da müəyyən edilib ki, Elnur evli olub və ailə üzvlərindən ayrı yaşayıb. Hər dəfə anası atası ilə dalaşdıqdan sonra 14 yaşlı bacısı ilə birlikdə Elnurun evinə gəlib. Taleh Məmmədov barəsində polisə şikayət edəndən sonra yenidən kişi qadını döyüb. Qadın adəti üzrə yenidən oğlunun evinə pənah gətirib. Hadisə baş verən gün səhər saatlarında Taleh Məmmədov yenidən İmişli rayon Polis Şöbəsinə çağırılıb və ondan izahat alınıb. Bundan əsəbiləşən Taleh Məmmədov oğlunun evində gizlənən həyat yoldaşının dalınca gəlib və Elnur bayırda olan vaxt qadını bıçaqlayıb. Elnur içəri girəndə anasını qan içində görüb. Çalışıb ki, anasına kömək etsin. Lakin Taleh anasına köməklik edən Elnuru da qolundan bıçaqlayıb. Məhkəmənin hökmü ilə Taleh Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

//teleqraf.com

OXŞAR XƏBƏRLƏR