"Azərbaycanda kredit faizləri MDB məkanında orta mövqedə qərar tutur" - Vüsal Qasımlı

İQTİSADİYYAT
15:21 20.11.2013
1816

Azərbaycanda kredit faizləri MDB məkanında təxminən orta mövqedə qərar tutur.

Bunu AZXEBER.COM-a Azərbaycan Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, İqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsal QasımlıAzərbaycanın MDB-də ən yüksək kredit faizlərinə malik olması barədə yayılan məlumatları şərh edərkən deyib.

“Belə ki, Belarusda kredit rublla hüquqi şəxslərə 26,3 %, fiziki şəxslərə 34,1 %-lə verilir.

Ukraynada qrivna ilə 20 %-lə, Ermənistanda dram ilə 16,4 %, Moldovada ley ilə 11,79 %-lə verilir.

Hətta Qırğızıstanda istehlak kreditlərin faiz dərəcəsi 15-45 % arası, biznesə verilən kreditlər isə 8-36 % arası təşkil edir. Bu müqayisə onu göstərir ki, Azərbaycanda kredit faizləri MDB məkanında orta səviyyədə qərarlaşıb. Əlbəttə, biz bunu İEÖ-lərlə müqayisə edə bilmərik. Çünki həmin ölkələrdə tamamilə başqa iqtisadi şərtlər hökm sürür”.

O, bildirib ki, Azərbaycanda çox aşağı templərlə də olsa kredit faizlərinin aşağı düşməsi tendensiyası hiss olunur.

“2013-cü il 1 sentyabra olan məlumata görə Azərbaycanda manatla verilən kreditlərin faiz dərəcəsi 14,26 % olub. Keçən ilin eyni dövründə isə bu göstərici 15,39 % təşkil edib”.

Mərkəzi Bankın uçot dərəcəsinin kommersiya kreditlərinin dərəcəsinə təsir göstərən əhəmiyyətli iqtisadi göstəricilərdən biri olduğunu deyən V.Qasımlı Qırğızıstan, Moldova və Azərbaycanda Mərkəzi Bankların uçot dərəcəsinin MDB məkanında ən aşağı həddə, 5%-dən aşağı olduğunu bildirib.

“Qırğızıstanda Mərkəzi Bankın uçot dərəcəsi 3%, Moldovada 3,5 %, Azərbaycanda isə 4,75 % təşkil edir. Qazaxıstan , Tacikistan, Ukrayna, Ermənistan və Rusiyada Mərkəzi Bankın uçot dərəcəsi 5 %-dən 10%-dək intervalı əhatə edir. Özbəkistan və Belarusda isə uçot dərəcəsi 10 %-dən yuxarıdır. Özbəkistanda 12 %, Belarusda 23,5 %-dir.”

O, bildirib ki, Azərbaycanda Mərkəzi Bank uçot dərəcəsini MDB məkanı ilə müqayisədə daha aşağı səviyyədə saxlayır.

“Nə qədər Mərkəzi Bankın uçot dərəcəsi aşağı olsa, o qədər də pul kommersiya banklarına və kommersiya banklarının vasitəsilə biznesə və əhaliyə daha əlçatan olacaq.

O, qeyd edib ki, digər tərəfdən isə Azərbaycanda kredit dərəcəslərinə təsir göstərən mühüm amillərdən biri inflyasiyadır.

“Azərbaycanda inflyasiya illik 3-4 %-i keçmir. Bu isə imkan verir ki, ölkədə kredir faizləri o qədər də yüksək olmasın. Çünki Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında göstərildiyi kimi nəinki MDB, dünyada inflyasiyanın ən aşağı olduğu öklkələrdən biridir”.

Kreditlərin real dərəcəsini ölçmək üçün kreditin nominal dərəcəsindən inflyasiya dərəcəsini çıxımaq lazım olduğunu deyən V. Qasımlı Azərbaycanda kreditlərin real faiz dərəcəsinin də MDB məkanı ilə müqayisədə nisbətən aşağı həddə yerləşdiyini vurğulayıb.

Digər mühüm bir məqama diqqət çəkən V. Qasımlı bildirib ki, Azərbaycanda kreditlər manatla və xarici valyuta ilə bir-birinə çox yaxın faizlərlə verilir. Onun sözlərinə görə, Azərbaycanda həm yerli valyutaya çox böyük inam olduğuna, inflyasiya da aşağı həddə yerləşdiyinə görə yerli valyuta və xarici valyuta ilə verilən kreditlərin faiz dərəcələri arasında ciddi və kəskin fərq hiss olunmur.

“Məsələn, Azərbaycanda 1 sentyabr 2013-cü ildə orta kredit dərəcəsi manatla 14,26% təşkil edib.

Xarici valyuta ilə isə bu göstərici 14,56 %-dir. MDB-nin digər ölkələrində yerli valyuta ilə verilən kreditlə, xarici valyuta ilə verilən kredit dərəcələri arasında kəskin fərq var. Bu da yerli valyutaya olan inamsızlığı və həmin ölkələrdə yüksək inflyasiya səviyyəsinin göstəricisidir”.

Azərbaycanda kredit faiz dərəcələrinin aşağı düşməsi istiqamətində getdiyini deyən V.Qasımlı bildirib ki, bunun daha da gücləndirilməsi üçün ilk növbədə ölkədə bankların rəqabət qabiliyyəti gücləndirilməli və onların xarici bazarlardan sərbəst vəsait cəlb etməsi imkanları genişləndirilməlidir.

“Çünki xarici bazarlarda kifayət qədər aşağı faizlərlə vəsaitlər var ki, həmin vəsaitləri Azərbaycana cəlb etmək mümkündür. Kommersiya bankları nə qədər aşağı faizlə kredit cəlb edə bilsələr, o qədər də kredit fazilərinin aşağı düşməsi gözləniləndir”.

O, qeyd edib ki, Azərbaycanda indi kommersiya banklarının əsas cəlb elədiyi vəsaitlərdən biri əhalidən olan əmanətlədir ki, bunu da 8-12 % dərəcəsi ilə cəlb edirlər və bu da kifayət qədər yüksəkdir.

“Hərçənd ki, kommersiya banklarının verdiyi kreditlər bundan daha çox bahadır. Kommersiya bankları da yaxşı olardı ki, bir qədər bu məsələdə ədalətlə hərəkət eləsinlər. İkinci bir tərəfdən Azərbaycanda aşağı inflyasiya səviyyəsinin olması və manatın sabitliyinin bundan sonra da qorunması lazımdır”.

O, bildirib ki, Mərkəzi Bank tərəfindən stimullaşdırıcı tədbirlər də görülə bilər.

“Məsələn, uzun müddətli və aşağı faizlə kommersiya bankları tərəfindən verilən kreditlər üçün məcburi ehtiyat normalarının həcmini tənzimləməklə onları stimullaşdırmaq mümkündür”.

O, qeyd edib ki, Mərkəzi Bank və Azərbaycan hökuməti kommersiya kreditlərinin aşağı salınması istiqamətində tədbirləri davam etdirir.

OXŞAR XƏBƏRLƏR