“Milli manyaklar”ı necə tanımaq olar?
Elə gün olmur ki, mətbuat ölkədə baş vermiş hansısa manyakın törətdiyi qətliamla bağlı xəbər yazmasın. Ailəsini qətlə yetirən ata, bacısını zorlayan qardaş və bunun kimi bir sürü ləyaqətsiz hadisə. Amma bununla yanaşı, dünya da tez-tez manyak qətliamları ilə sarsılır. ADNA-dakı faciə, Oslodakı terror, Moskvada partladılan obyektlər...
Kriminal verilişlərə baxanda bu mənzərə insanı daha çox sarsıdır, düzü. Bu insanlar niyə manyak həddinə çatıb deyə sual verirsən özünə öncə. Ardınca isə psixoloqların rəyinə qulaq kəsilib bu halın səbəblərini axtarırsan...
Serial qətl ifadəsi təsadüfən yaranmayıb. Hələ qədim vaxtlarda düşmənçilik və ya qisasçılıq zəmini olmadan insan öldürənlər qeyri-insan, natəmiz qüvvə kimi xarakterizə olunurdu. Onları şeytan da adlandırırdılar, monstr da, iblis də...
Serial qətl fenomeninin 3 əsas şərti var. Birinci şərt - könüllülükdür. Yəni manyak öz iradəsi və arzusuna uyğun olaraq bu qətlləri həyata keçirməlidir. Axı bu tip adamların belə qətllər icra etməkçün başqalarının məsləhətinə ehtiyacı olmamalıdır. Öz başlarındakı “tarakanlar” onları istənilən vaxt hər şeyə hazırlamalıdır.
İkinci şərt-serial qatilin dosyesində ən azı 2 qətl hadisəsi olmalıdır. Üçüncü şərt-qatil qətllər arasında emosional sakitlik, rahatlıq periodu yaşayır. Bu period bir neçə gündən bir neçə ilə qədər dəyişə bilər. Bunu adicə pauza yox, müvəqqəti sakitləşmə də adlandırmaq mümkündür. Həmin dövrdə manyak adi həyat tərzi keçirir, sakitləşir, hətta bir neçə gün bu əməllərdən əl çəkəcəyi barədə müvəqqəti qərarlar da verir.
Dediyimiz bu üçüncü faktora xüsusi əhəmiyyət vermək lazımdır. Serial qatillərdən fərqli olaraq, kütləvi, toplu zəncirvari qətllər icra edən manyaklar da var. Onlar bir neçə və ya çoxlu sayda insanı eyni yerdə, eyni gündə qətlə yetirirlər. Məsələn, məktəbli öz təhsil aldığı məktəbdə qətliam gerçəkləşdirir, bir başqası çardaqda gizlənərək yoldan ötüb-keçənləri bir-bir güllələyir və ya cavan manyak əlində bıçaq və ya balta ilə qadın yataqxanasına, gözəllik salonuna girib məqsədini həyata keçirir.
Onlar yerdəyişməyə üstünlük verir
İçki mübtəlası olanların törətdiyi qətlləri də yaddan çıxarmaq olmaz. Bu halda qatillər yerdəyişməyə üstünlük verirlər. Qatil bir yerdən digərinə keçir, iz itirir, nəinki bir, bir neçə gün, həftə ərzində çoxlu sayda insanı qətlə yetirir. Bu kateqoriyaya daxil olan qatil-manyaklar da serial qatillərdən fərqli olaraq, törətdikləri əməllər arasında vaxt məsafəsi qoymamağa çalışırlar. Onlar bu qətlləri bir nəfəsdə, fasilə vermədən icra etməyə çalışırlar. Halbuki serial qatillər hər törətdikləri əməldən sonra bir qədər sakitləşırlər. Serial qatili insan ovçusu adlandıra bildiyimiz halda, kütləvi, toplu qətlləri həyata keçirənlər - “insan bomba” anlayışına daha uyğun gəlirlər.
Amma manyaklığı xarakterizə edən bir vacib elementi - qətlin motivini unutmaq olmaz. Rusiyanın məşhur psixoloq alimi A.Buxanovskiyə görə, manyakların başlıca motivi seksual xarakterli olur. Amma kriminal ədəbiyyatlarda bunun tamam əksi də iddia olunur - psixoloji pozğunluq. Serial qətllər barədə dərsliklər müəllifi V.Obrastsov hesab edir ki, manyakın motivi istənilən ola bilər - hətta tamahkarlıq, acgözlük də belə qətllərin səbəbləri sırasındadır.
Beləliklə, manyak-qatilləri səciyyələndirən əsas cəhətlər:
X Manyak öldürməməyi bacarmır
X Qətllər arasında bəzən fasilə verir, bəzənsə yox. (manyaklığın növündən asılı olaraq)
Alicənab ziyalı da manyak ola bilər
Psixoloq Yandiyevin sözlərinə görə, manyakları xarici görünüşlərinə görə tanımaq praktiki olaraq qeyri-mümkündür. O insanların vahid bir görüntüsü yoxdur. Çox alicənab, ziyalı görkəmlilərin də arasından manyak çıxa bilir, divanə görünüşlü, gözündən dəlilik yağanlardan da. Onların sadəcə davranışları diqqəti dərhal cəlb edir: manyak daim yan-yörəsini diqqətlə müşahidə edir, ətrafını baxışları ilə nəzarətdə saxlamağa çalışır. Yandiyev bilidirir ki, manyak göz həbsində saxladığı qurbanını araşdırdığı vaxt kənar bir qüvvənin də onu müşahidə etməsindən narahat olur. Bunu fərq etdiyi anda manyak da yoxa çıxır.
Sual yaranır: manyak bir qayda olaraq haralarda peyda olur? Psixoloq məşhur manyak Vladimir Muxankinin dediklərinə əsasən müəyyənləşdirib ki, “normal kişi heç vaxt gecələr boş-boşuna parkda, tikinti yerlərində, qadın gözəllik salonunun və ya qadın hamamının yanında veyllənmir”. Muxankin deyib ki, intuisiyanın köməyi ilə manyakı gözlərindən tanımaq mümkündür. Daha bir ilginc əlamət: manyaklar “əməliyyat”a çıxanda heç vaxt adi günlərdə geydindikləri pal-paltardan istifadə etmirlər.
Qurbanını təqib prosesində manyakın gözləri, qulaqları ilə yanaşı ürək döyüntüləri də ona yardımçı olur. Yaxalanma təhlükəsi yaxınlaşan kimi manyak hadisə yerindən dərhal uzaqlaşır. Bu təhlükəni isə o intuitiv olaraq dərhal duyur. Əgər manyak qorxudulubsa, o, bir müddət sonra təkrarən hadisə yerinə qayıdacaq. Daha bir vacib detal: manyaklar öz qurbanlarını təqib etdikləri kimi, iz itirmək üçün onların qabağına da düşə bilirlər. Tez-tez geriyə qanrılıb qurbanlarını baxışlarıyla nəzarətdə saxlamaq və daha az şübhə toplamaq üçün, təbii ki.
Muxankin həmçinin onu da vurğulayıb ki, bu adamlar qurbanları tərəfindən qəfil yaxalandıqları halda dilləri pəltək vurur, utanır və qorxaqlıqla hadisə yerini tərk edirlər. Bu səbəbdən də Yandiyev insanlara məsləhət görür ki, heç vaxt davranışları ilə manyakları xatırladan insanlarla ünsiyyətə girməsinlər. Onun sözlərinə görə, bu halda, manyak öz əcaib danışıq tərzi ilə qurbanının diqqətini cəlb edə və qəfil həmlə ilə ona hücum edib qətlə yetirə bilər. “Ən yaxşısı birinin manyak olduğundan şübhələnən kimi ondan uzaqlaşıb, adamların çox olduğu yerə getməkdir”.
Digər tərəfdən, manyaklarla heç də həmişə dil tapmaq mümkün olmur. Bəzən onlar aylarla qurbanının izinə düşdükləri üçün çox aqressiv və yorğun ola bilirlər. Ona görə də beyinləri tormozlanır. Bu halda filosofluq edib, onlara həyat, insan ömrünün dəyəri kimi mətləblərdən danışmağın özü də absurddur. Onları heç bir söz dayandıra və ya əməlindən vaz keçirə bilməz.
Onlar müasir texnikadan istifadə edir
Polislər bir qayda olaraq məsləhət görür ki, qarşındakının manyak olduğundan şübhələnən kimi hadisə yerindən uzaqlaşmaq, dərhal qaçmaq lazımdır. Qışqırıq, müqavimət kimi əlavə vasitələr də manyakı qorxutmağa kifayət edə bilər. Yandiyevsə deyir ki, manyaklar heç də savadsız olmurlar. Onlar çoxlu kitab oxuyur, filmə baxır, mətbuatla mütəmadi tanış olurlar. Amma onların oxuyub-seyr etdikləri bir qayda olaraq öz fəaliyyətlərini inkişaf etdirmək məqsədi güdür. Qurbanı ələ keçirmənin yolları, polisə yaxalanmamanın üsulları, qurbana əzab vermənin variantları, istintaqı çaşdırmanın yolları və sair. Son illərin manyaklarında bir xeyli “irəliləyiş” var. Belə ki, onlar qətlin izlərini ört-basdır etmənin bütün yollarını öyrəniblər. Texnikanın nailiyyətlərindən istifadə edib “ən müasir üsulda” qətllər həyata keçirirlər.
Britaniya alimləri isə insanların manyaklığa və işgəncəyə meylli olub-olmamasını müəyyənləşdirən üsullar tapıblar. Məsələn, psixopatlar - təhlükəli adamlardır. Vicdan anlayışından uzaqdılar, amma bir çox hallarda intellektual cəhətdən çox inkişaf etmiş, ziyalı insanlar olurlar. Ünsiyyət zamanı diqqət cəlb etməyi bacarırlar. Emosiyalarını gizlətməyi, insanlara xoş təsir etməyi bacarırlar. Psixopat qatillərin bu cəhətləri onlara uzun illər boyunca yaxalanmadan öz arzularını həyata keçirməsinə imkan yaradır.
Yeni Müsavat