"Tam arxayın olsaq ki, koronavirus sovuşub, bu, düz olmaz. Arxayınlığa hələ ki, əsas yoxdur”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, qeyd edib ki, bəzi qapalı məkanlarda maska taxmaq lazımdır:

"Artıq bu bəla sovuşmaq üzrədir. Amma tam arxayın olsaq ki, koronavirus sovuşub, bu, düz olmaz. Arxayınlığa hələ ki, əsas yoxdur, hələ də mövcuddur. Azərbaycanda vaxtında görülən bütün tədbirlər nisbətən azalmalara səbəb oldu. Yoluxmalar həddən artıq azdır. Artıq say ikirəqəmlilərdədir. Bu, bizə onu deməyə əsas verdi ki, bir çox məhdudiyyətlərin ləğvinin vaxtı idi. Eyni zamanda maskadan istifadə məsələsində də. Hesab edirəm ki, geniş məkanlarda, toy şənliklərin, yas mərsimləri kimi böyük məkanlarda insanlar da o qədər çox olmur. Belə yerlərdə maskadan istifadə olunmaması fəsad verməz. Ancaq elə məkanlar da var ki, çox sıx qapalı yerdir, orada insan sıxlığı da çox olur. Orada müyyən virus daşıyıcısı da ola bilər. Ona görə də elə yerlərdə insanların özünün təhlükəsizliyi üçün maskadan istifadə etmələri məsləhətlidir”.
Deputat qeyd edib ki, insanlar öz təhlükəsizliyi üçün könüllü olaraq maskadan istifadə etsələr, daha yaxşı olar:
"Dünya ölkələrinə də baxırıq, bir çox Avropa ölkələrində bu qadağalar tamamilə aradan götürülüb. Bizdə də tədricən qərarlar qəbul olunur, məhdudiyyətlər aradan qaldırılır. Yenə də hər ehtimala qarşı qeyd etdiyim müəyyən yerlərdə maskadan istifadə etsələr, daha yaxşı olar. Yaxud da elə məkanlar da var ki, qərar qəbul olunsun ki, həmin yerlərdə məcburi maska taxılmalıdır. Çox qapalı, havasız yerlər olur, uzun müddət davam edən yığıncaqlar olur, sahəsi kiçik, adam çox, belə yerlərdə yoluxma təhlükəsiz də mövcuddur. Bizim əhalimiz bu sahədə iki ildən çoxdur ki, xeyli təcrübəyə malikdir”.
Elman Məmmədov həmçinin qeyd edib ki, quru səhədləri də açılmalıdır:
"Quru sərhədləri də açılmalıdır. Amma bu da tək bizdən asılı deyil, sərhədlərin açılması qarşılıqlı olan prosesdir. Hər iki tərəfin qərar verməsi lazımdır. Şimaldan Rusiya ilə olan sərhədlərimizdə bizim nə qədər insanlarımız uzun müddət əziyyət çəkdilər. Sərhəddə qaldılar. Ticarət, ərzaq, idxal-ixrac məsələlərində problem yarandı. Ona görə də bu məhdudiyyətlərin də aaradan qaldırılması məqsədəuyğundur”.
Xatırladaq ki, Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.