Azərbaycanda mənzil fondu azalır, qiymətlər yenidən bahalaşa bilər - AÇIQLAMA

Azərbaycanda mənzil fondu azalır, qiymətlər yenidən bahalaşa bilər - AÇIQLAMA
SOSİAL
14:22 29.10.2025
276
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçiriləcək. 
 
Güzəştli mənzillərin satışa çıxarılması ilə yanaşı Bakının Yasamal rayonunda Sovetski adlanan ərazidə söküntünün başlaması da mənzil bazarına təsirsiz ötüşməyəcək.
 
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc söküntünün mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb olacağını deyib:
 
"Hansı ərazidə olmasından aılı olmayaraq bütün söküntülərin daşınmaz əmlak bazarına təsiri olur. Bu mənzil fondunun azalması deməkdir. Mənzil fondu azaldıqda qiymətlərin artması baş verir. Prosedur qaydalarına görə bu ən azı 6 ay kirayə mənzil bazarına müraciət edənlərin sayının artması deməkdir. Eyni zamanda da həmin dövrdə birbaşa kompensasiya ödənilirsə bu daşınmaz əmlak bazarına müraciətlərin sayının artması da deməkdir. Bütün variantlarda demək olar ki, bu proses daşınmaz əmlak bazarının aktivləşməsinə səbəb olur".
 

 
Vüqar Oruc bildirib ki, aktivləşməyə səbəb isə müəyyən məbləğ əldə edən şəxslərin mənzil və ya kirayə bazarına müraciət etməsidir:
 
"Kompensasiya məbləğini əldə etmiş şəxs bazara müraciət edir ki, yeni əmlak alsın. Və ya ona alternativ bina təklif olunursa 6 ay -1 il müddətində kirayə ödənişləri ilə təmin olunur ki, bu zaman da kirayə mənzil əldə etmək üçün kirayə bazarına müraciət edir. Qanunauyğunluq var ki, kirayə bazarında canlanma baş verdikdə bu satış bazarına da təsir edir. Daşınmaz əmlak bazarının dinamikliyi artır və bu zaman qiymət artımı baş verir. Yaxud da əksinə. Düşünürəm ki, həm qəzalı binaların sökülməsi, həm də Bakı Baş Planı 2040-a əsasən müəyyən ərazilərin, xüsusən də Yasamal ərazisində olan köhnə tikililərin sökülməsi əmlak bazarının aktivləşməsinə, canlanmasına və qiymətlərin qalxmasına səbəb olacaq".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR