Sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzi sonuncu nəticələr əsasında növbəti dəfə ölkələr üzrə «Facebook» istifadəçilərinin sayını açıqlayıb.
«APA-Economics»in məlumatına görə, fevralın 4-ü vəziyyətinə, Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 996 140-a çatıb. Bu da ötən ayla müqayisədə 4% çoxdur. Son 6 ay ərzində isə bu göstərici 16,6% və ya 142 min artıb.
Mərkəzin dərc etdiyi hesabatda Azərbaycan 213 ölkə arasında 82-ci yerdə qərarlaşıb və ötən ayla müqayisədə Azərbaycan bu reytinqdə 2 pillə irəliləyib. Bununla da Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (94), Belarus (107), Estoniya (106), Latviya (109), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (148) kimi ölkələri qabaqlayıb.
Qeyd edək ki, hazırda «Facebook» şəbəkəsindən istifadəyə görə 164 mln. istifadəçi ilə 1-ci yerdə ABŞ, 2-ci yerdə 65 mln. istifadəçi ilə Braziliya, 3-cü yerdə isə 61 mln. istifadəçi ilə Hindistan qərarlaşıb.