22 yaşlı tibb bacısı iki aya sağala bilib
Türkiyədə Azərbaycanda təhsil aldığını deyərək 22 yaşlı gənc qızın dodaqlarına naməlum maddə yeridən, saxta dodaq silikonları ilə bir neçə qadının həyatını alt-üst edən türk həkimin qurbanı sağalıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, slikon qurbanı olan tibb bacısı Merve Keleşin son görüntüsü yayılıb.
İki ay xəstəxanada qalan qalan, silsilə əməliyyatlar keçirən gənc qadın öz fotolarını sosial şəbəkədə yerləşdirib. "Həyat qarşımıza çətinliklər çıxarır və bununla mübarizə aparırıq. Hələ də gülə bilirəm. Hər yeni günə şükür edirəm".
Dodaqlarından narazı olan 22 yaşlı Merve Keleş Adanada internetdə özünü mütəxəssis kimi təqdim edən saç ustası Soner G.-yə müraciət edib. Soner.G Azərbaycanda təhsil aldığını deyib. Dodaqlarından narazı olan gənc qız ilk olaraq 500 lirə (təqribən 260 manat) verərək təbii dolğu etdirib. Dolğu bir həftəyə əridiyi üçün o daha sonra 1000 lirə verərək silikon qoydurub. Saxta həkim klinikasının təmirdə olduğunu deyərək proseduru evində həyata keçirib.
Lakin onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gözlənilən nəticəni verməyib. Silikon yerləşdiriləndən yarım saat sonra qızın dodaqları şişib, yanmağa başlayıb. Bir gün sonra yenidən həkimə müraciət edən qadın dözülməz ağrısı olduğunu bildirib. Cavabında isə "Bu mənlik deyil. İnfeksiya düşüb, həkimə get" cavabını eşidib. İlk xəstəxanada ona antibiotik müalicəsi yazılıb. Lakin ağrı azalmayıb.
Bundan sonra Kaleş çalışdığı xəstəxanaya müraciət edib. Nəticədə onun dodağındakı maddənin mənşəyinin bəlli olmadığı və allergik reaksiyanın başladığı bəlli olub. Əgər istifadə edilən maddəni təmizləmək mümkün olmazsa gənc qız dodaqlarını tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıya idi.
Dodaq faciəsi ilə gündəmə gələn Soner Gülnaz (34 yaş) adlı saç ustası 2012-ci ildə bir marketdən iki şüşə pivə oğurladığı üçün məhkəməyə verilmişdi.
