Dr. Turab QurbanovAzərbaycanda keçirilən son prezident seçkiləri artıq arxada qaldı. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 84,54 faiz səsini toplayaraq yenidən Prezident seçildi. Ondan sonrakı yeri isə 5,53 % səslə Milli Şuranın vahid namizədi Cəmil Həsənli tutdu. Nəticə Exit-Polların nəticələri ilə üst-üstə düşdü.
Seçki prosesi həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən müşahidə edildi. Yerli müşahidəçilər yekdilliklə seçkilərin azad, demokratik və ədalətli keçirildiyini bəyan etdilər. ATƏT-in DTİHB-nun və ona əsaslanan ABŞ Dövlət Departamentinin rəyindən başqa, demək olar ki bütün beynəlxalq müşahidəçilərin mövqeyi yerli müşahidəçilərin mövqeyi ilə üst-üstə düşdü.
Müxalifətin seçkilərdə uduzması heç kəsə təəccüblü gəlmirdi, çünki bu nəticə daha seçkilərdən əvvəl birmənalı olaraq gözlənirdi və beynəlxalq aləmdə də qəbul edilirdi. Ancaq müxalifətin bu qədər az səs toplaması bəzi ölkələrin gözündə demokratiya və plüralizm nöqteyi-nəzərindən normal hesab olunmurdu. Hətta iş o yerə çatmışdı ki, ABŞ-ın Azərbaycandakı Səfiri Dövlət Departamentindən seçkilərlə bağlı müsbət rəy ala bilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə nəticələrin üzərində oynamağı, müxalifətin hesabına 25 % səs yazmağı təklif etmişdi. Belə bir rəqəm nəticə etibarı ilə Qərb tərəfindən məqbul hesab edilsə də, bu açıq-aşkar seçkilərin saxtalaşdırılması mənasına gəlirdi ki, bu səbəbdən də Azərbaycan bu təklifi qəbul etməyərək, seçicilərin mövqeyinin olduğu kimi protokollarda əks olunmasına qərar verdi.
Bu məsələnin bir tərəfidir. Bu yazıda isə bizi maraqlandıran məsələnin digər tərəfidir. Müxalifət nədən bu qədər az səs topladı? Buna görə də bütün seçki prosesi müddətində müxalifətin yanlışlıqlarını tədqiq etmək qərarına gəldik.
Müxalifətin ən böyük səhvi seçkilərə hazır olmaması idi. Bu həm ideologiya, həm də taktika baxımından özünü büruzə verirdi.
Müxalifət liderləri yaxşı başa düşürdülər ki, artıq xalq arasında onların heç bir nüfuzu qalmayıb və seçkilərdə heç bir uğur əldə edə bilməyəcəklər. Parlament seçkilərində bir seçki dairəsində belə uğur qazanaraq millət vəkili seçilə bilməyən bir partiya liderinin 125 dairədə uğur qazanaraq ölkəni idarə etməsi məntiqsiz görünür. Buna görə də, müxalifət liderləri uğursuzluqlarını ört-basdır etmək və gələcəkdə həm xalqın içinə, həm də ən əsası, onlara qrant verən xarici qurumların qarşısına çıxa bilmək üçün bir "aldanmış kəvakib” tapmaq məcburiyyətində idilər. Bu şəxs isə, adı siyasi qalmaqallarda hallanmayan tamamən fərqli bir sima olmalıydı. Bəlkə də bu yeni sima siyasi baxımdan cəsədə çevrilən müxalifət liderlərinə yeni ruh, yeni can verə bilərdi, onlara siyasi mövqeyi hələ formalaşmayan bəzi cavanların səslərinin qazanılmasını təmin edə bilərdi.
Lakin bu taktika özünü doğrultmadı. Çünki onların tapdığı ilk "vahid namizəd” siyasi baxımdan elə "ölü doğuldu”. Rüstəm İbrahimbəyovun namizədliyi MSK tərəfindən qəbul oluna bilməzdi, çünki bu açıq-aşkar Konstitusiyaya zidd idi. Konstitusiyaya əsasən, Prezidentliyə namizədliyi irəli sürülən şəxs başqa ölkənin vətəndaşı olmamalı və 10 il Azərbaycanda yaşamalı idi. R. İbrahimbəyov bir məqamı həll edə bilərdi - Rusiya vətəndaşlığından çıxa bilərdi (o heç bunu da edə bilmədi), ancaq o biri məqamı - 10 il Azərbaycanda yaşama meyarını əsla təmin edə bilməzdi. O zaman sual yaranır: R.İbrahimbəyov Prezidenti olmaq istədiyi ölkənin Konstitusiyasını bilmirdimi? Dövlətin Konstitusiyasından xəbəri olmayan birisi dövlətə necə rəhbərlik edə bilər? Bu böyük bir siyasi səhv idi və müxalifət bunun cəzasını çəkməli oldu.
Deyək ki, R.İbrahimbəyov Azərbaycandan kənarda yaşadığı üçün Konstitusiyanı bilmirdi. Bəs uzun illər Azərbaycanda siyasətlə məşğul olan müxalifət liderlərinin Konstitusiyadan bixəbər olmasına necə haqq qazandırmaq olar? Əgər bilmirdilərsə, bu ayıbı heç cür ört-basdır etmək olmaz. Əgər bilirdilərsə, o zaman başqa bir sual ortaya çıxır- seçilməsi mümkün olmayan bir şəxsin namizədliyinin təqdim olunması hansı məqsədlərə xidmət edirdi? Müxalifətin bu addımı xalq tərəfindən də birmənalı qarşılanmadı və sosial şəbəkələrdə bəziləri fikirlərini belə izah edirdilər ki, müxalifət bu addımı ilə beynəlxalq aləmə göstərmək istəyirdi ki, Azərbaycan hakimiyyəti müxalifətin namizədinin qeydiyyatdan keçməsinə əngəl olur. Beləliklə də onlar seçkiləri boykot edərək ölkədə xaos, süni ərəb baharı variantı yaratmağa çalışırdılar. Ancaq bu taktika da baş tutmadı, çünki keçən dəfəki Prezident seçkilərinin müxalifət tərəfindən boykot edilməsi Qərb tərəfindən müsbət qarşılanmamışdı və bu dəfə də eyni addımın atılması onların üstündən birdəfəlik xətt çəkilməsinə səbəb ola bilərdi. Beləcə, müxalifət alternativ vahid namizəd axtarmaq qərarına gəldi.
Bu dəfə, onların arasında nisbətən "intellektuallığı” ilə seçilən, adı siyasi qalmaqallarda hallanmayan bir şəxsin-Cəmil Həsənlinin namizədliyi üzərində durdular. Lakin burada da əvvəlcədən yaxşı hesablanmayan məqamlar üzə çıxdı.
C.Həsənli Milli Şuranın əsas namizədi yox, ehtiyat namizədiydi. O həm də şəxsi keyfiyyətlərinə görə deyil, R.İbrahimbəyovun namizədliyi qəbul edilmədiyi üçün namizəd olmuşdu, necə ki, R.İbrahimbəyovun özünün də namizədliyi bir təsadüf nəticəsində irəli sürülmüşdü. Buna görə də, xalq tərəfindən tanınmadığı kimi, Milli Şura daxilində də ona qarşı mövqe birmənalı deyildi.
C.Həsənli həmçinin, bir zamanlar Fərhad Əliyevin müdafiə komitəsinin rəhbəri olmuşdu. Ağır cinayətlərdə ittiham olunan bir şəxsi ancaq vəkillər hüquqi müstəvidə müdafiə edə bilər. Belə bir şəxsi siyasi müstəvidə müdafiə etmək istintaqa və məhkəməyə müdaxilə kimi qiymətləndirilir ki, bu da hüquq dövlətinin təməl prinsiplərindən olan məhkəmələrin müstəqilliyi prinsipi ilə ziddiyyət təşkil edir. Beləliklə, C.Həsənlinin imici artıq zədələnmişdi.
Halbuki, əgər Milli Şura İlham Əliyevə qarşı bir alternativ namizəd irəli sürürdüsə, onunla rəqabətə girə biləcək bir şəxsiyyət tapmalı idi. Belə bir adam isə, ümumiyyətlə Azərbaycanda yox idi. Yoxsa R.İbrahimbəyov və ya C.Həsənli kimi tərcümeyi-hallarında qaranlıq məqamlar olan təsadüfi adamların namizədliyinin irəli sürülməsinin nəticəsi əvvəlcədən məlum idi.
Bundan əlavə, həm R.İbrahimbəyovun, həm də C.Həsənlinin seçki təbliğatlarını Azərbaycandan kənarda-Rusiyada, Gürcüstanda və İngiltərədə aparmaları xalqın bağışlamayacağı günahlardan idi. Azərbaycanda Prezidenti xalq seçir, elə buna görə də Prezident olmaq istəyən şəxs Azərbaycan xalqı ilə hesablaşmalı, ondan xeyir-dua almalı idi. Müxalifət liderləri Azərbaycanın müqəddəratını kənarda həll etməyə çalışdığı vaxta, İlham Əliyev bölgələrə səfər edir, xalqın güzəranı üçün istifadəyə verilən obyektlərin açılışında iştirak edir, birbaşa xalqın özü ilə görüşür, beləcə həm gördüyü işlərin hesabatını verir, həm də görəcəyi işlərin proqramını açıqlayırdı. Müxalifət isə bu müddətdə kənardan kömək umma görüntüsü verirdi.
Seçki prosesində debatlar da əhəmiyyət kəsb edirdi. Debatın ilk günündən C.Həsənlinin hazırlıqsız gəldiyi özünü büruzə verirdi. Normalda debatlarda hər kəs özünün platformasını, prorqamını təqdim edər. C.Həsənlinin isə heç bir proqramı yox idi. Əsas devizi isə "Gəlin bu hakimiyyətə yox deyək” idi. O zaman seçicidə belə bir fikir formalaşır- bu hakimiyyətə yox desək, yerinə kim gələcək? Ölkəni rəhbərsiz qoymaq olmaz, bu rəhbərə "yox” deyiləcəksə, kiməsə "hə” deyilməlidir. C.Həsənli də daxil olmaqla, o biri namizədlərin heç birinin idarəçilik təcrübəsi yox idi. Xalq üçün isə, bu meyar mühüm əhəmiyyət daşıyırdı. Xalq hakimiyyəti təsadüfi adamlara vermək niyyətində deyildi, çünki bunun nə ilə nəticələnəcəyini təxmin etmək olduqca çətin idi. Xalq 90-cı illərin əvvəllərində yaşanan xaosu təkrar yaşamaq istəmirdi. İndiki hakimiyyətin isə müəyyən nöqsanları olsa da (hakimiyyət bunu heç vaxt inkar etmirdi), böyük uğurlara imza atmışdı. Xalq bu uğurların davam etməsinə, mövcud nöqsanların isə yenə də bu komanda tərəfindən aradan qaldırılmasına üstünlük verirdi, çünki qazanan komandanı heç vaxt dəyişməzlər.
YAP isə ilk debata yaxşı hazırlaşmışdı. Əli Əhmədovun təqdim etdiyi tibbi arayış C.Həsənlini "nakaut” vəziyyətinə saldı. Siyasi təcrübəsi olmayan C.Həsənlinin bundan sonrakı bütün addımları onun əleyhinə işlədi. Tibbi arayışdan görünürdü ki, C.Həsənli yalnız yüngül işlərdə çalışa bilər. Prezidentlik isə böyük məsuliyyət tələb edən vəzifədir. Xalq öz taleyini tibbi cəhətdən özünü idarə edə bilməsi məhdud olan bir liderə verə bilməz. Ya C.Həsənli xəstə olduğunu etiraf etməli və yarışdan çəkilməli, ya da sənədin saxta olduğunu qəbul etməli və nüfuzunu düşürməliydi. C.Həsənli isə "Xəstə mən deyiləm, xəstə o adamdır ki...” deyərək başqasını ittiham etməyə çalışdı. Lakin bu da yanlış addım idi. Çünki xəstəlik tibbi bir durumdur və buna həkimlər qərar verir, xəstəlik diaqnozu hansısa siyasətçinin fərziyyələri əsasında təyin olunmur. Ortada isə C.Həsənliyə aid tibbi diaqnoz vardı.
Debatda C.Həsənlinin yanlışlarından digəri əsəblərini cilovlaya bilməməsi və digər namizədin ailəsinə toxunması idi. Azərbaycanda ailə tabudur, müqəddəsdir və ailəyə toxunulmaz. Heç ailənin tabu olmadığı Qərb cəmiyyətlərində belə bir namizədin ailəsi debatlarda müzakirə mövzusu olmur. Heç bir ölkədə namizədin ailəsinin mülkünün bəyanı tələb olunmur. Məsuliyyətin şəxsi olduğu cəmiyyətlərdə bir insan hər hansı ailə üzvünə görə məsuliyyət daşımır. Elə C.Həsənlinin bu yanlışlığı bumeranq təsiri ilə özünə qayıtdı və kürəkəninin erməni əsilli olduğuna dair fikirlər səsləndirildi ki, bu da onun namizədliyinə öz əks-təsirini göstərdi. Azərbaycan cəmiyyəti bu gün-ölkənin 20 faizinin ermənilərin işğalı altında olduğu bir vaxtda öz qızını erməniyə ərə verən bir atanı dövlət başçısı kimi görməyə hazır deyil.
C.Həsənli debatlarda yanlışlıqları yan-yana düzməyə davam edirdi. Bütün debatlarda İlham Əliyevi debata səsləyirdi. Birincisi, qanunvericilikdə belə bir müddəa yoxdur ki, namizədin özü iştirak etməlidir; C.Həsənli də öz nümayəndəsini göndərə bilərdi. İkincisi isə, hər dəfə C.Həsənlinin çağırışı və İ.Əliyevin gəlməməsi C.Həsənlinin səviyyəsini düşürür, İ.Əliyevin səviyyəsini isə yüksəldirdi.
C.Həsənlinin dayanmadan İ.Əliyevi korrupsiyada ittiham etməsi isə digər bir yanlışlıq idi, çünki hüquqda təqsirsizlik prezumpsiyası var. Əgər hər hansı bir insana qarşı əlinizdə dəlil varsa, bunu qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətli orqanlara təqdim etməlisiniz. Əgər ittiham etdiyiniz şəxs Dövlət Başçısı isə, onun cinayət məsuliyyətinə cəlb olunması halları Konstitusiyada müəyyənləşib. Prezident seçilmək istəyən şəxs bunu daha yaxşı bilməli və buna uyğun addım atmalı idi.
C.Həsənli həmçinin bilərəkdən və ya bilməyərəkdən ziddiyyətli fikirlərin məngənəsində idi. Hələ seçki keçirilmədən seçkilərin saxtalaşdırılacağını bəyan edən bir namizədin həmin seçkilərdə iştirak etməsi özü-özlüyündə ziddiyyət təşkil edir. Bu da səbəbsiz deyildi, çünki müxalifət uduzacağını yaxşı bilirdi və beləliklə uduzmağının vəbalını əvvəlcədən başqasının üzərinə atmağa çalışırdı.
C.Həsənlinin səsləndirdiyi yanlış fikirlərdən biri də İlham Əliyevin üçüncü dəfə Prezident seçilməsinin Konstitusiyaya zidd olmasıdır. Hakimiyyətin mənbəyi xalqdır və xalq istədiyi namizədə istədiyi qədər hakimiyyətdə qalma səlahiyyətini verir. Xalq suveren hüququndan istifadə edərək, Konstitusiyanın müvafiq müddəasını dəyişdirdi və bu məhdudiyyəti aradan qaldırdı. Bu dəyişiklik də Konstitusiya məhkəməsi tərəfindən təsdiq olundu. Xalqın iradəsi müzakirə mövzusu olmadığı kimi, Konstitusiya məhkəməsinin qərarları da qətidir, heç kəs tərəfindən şərh və ya təfsir edilə bilməz. Bu baxımdan C.Həsənlinin bu fikirləri qanunvericiliyin kobud şəkildə pozulması idi.
Debatlardan əlavə, mitinqlər də müxalifətin uduzmasına rəvac verdi. Müxalifət debatlarda olduğu kimi, mitinqlərdə də hazırlıqsız idi və nə edəcəyini bilmirdi. 1-2 minlik bir tərəfdarla heç bələdiyyə sədri seçilmək olmaz. Bunu Qərb də aydın görürdü və mitinqlərə bu qədər az adamın gəlməsi həmin ölkələrin nümayəndələrində müxalifətin imkanlarına dair qənaət formalaşdırdı. Hətta sosial şəbəkələrdə yazırdılar ki, hansısa bir yeni ulduzun və ya meyxanaçının pullu konsertinə bundan daha çox adam gedərdi.
Mitinq zamanı səsləndirilən şüarlar da heç bir məntiqə sığmırdı. Seçkilərə 1 ay qalmış "istefa” şüarının səsləndirilməsi müxalifətin siyasi dərrakəsinin "genişliyindən” xəbər verirdi. Mitinqə toplaşanların isə əllərində "Coni boğ onu” plakartı tutması müxalifət düşərgəsində seçki kampaniyasına və həmin kampaniyada iştirak edən liderlərinə olan münasibətin təzahürü idi.
Müxalifət sosial şəbəkələrdə aktiv olmalarına baxmayaraq, bu sahədə də keyfiyyət baxımından hazırlıqsız idi. Nəyi necə edəcəyini bilmirdi. C.Həsənlinin Facebook səhifəsində və müxalifətə aid Facebook qruplarında müxalifəti tənqid edən insanlar təhqir edilir və blok edilirdi. Bu da insanların haqlı narazılığına səbəb olurdu ki, "bunlar hələ hakimiyyətə gəlmədən bizim söz azadlığımıza əngəl olurlarsa, görün əllərində səlahiyyətləri olsaydı nələr edərdilər”.
Müxalifət seçki öncəsində olduğu kimi, seçki müddətində və seçkidən sonra da yanlışlıqlarını davam etdirirdi. Seçki müddətində bülletenlərin götürülməsi, seçicilərin səsvermədə iştirakına maneçilik törədilməsi, seçki təbliğatının aparılması bunlara misal ola bilər. Təbii ki bunlar nisbətən kiçik qanun pozuntularıdır. Lakin müxalifətin ən böyük siyasi səhvləri seçkidən sonrakı dönəmə təsadüf edir.
Belə ki, seçkidən sonra müxalifət nəticələrin bütövlükdə saxtalaşdırıldığını iddia edərək, seçkilərin nəticələrini tanımayacağını bəyan etdi. Seçkilərin nəticələri o vaxt saxtalaşdırılmağa çalışıla bilər ki, arada 3-5 % səs fərqi olsun. Bu seçkilərdə isə səs fərqi 80 % təşkil edir. Tutaq ki, iqtidarın xeyrinə 1000, 10.000, 100.000, lap elə 500.000 səs saxtalaşdırılıb (bu isə mümkün olan şey deyil), axı bu yenə də nəticəni dəyişdirmir. Bir-iki məntəqədə qanun pozuntusu olması dairənin, bir-iki dairədə olması isə ölkənin nəticəsini şübhə altına almağa əsas vermir. Əgər hansısa məntəqədə seçkilərin saxtalaşdırıldığına dair sübut varsa, dəlillər MSK-ya təqdim edilərək, həmin məntəqələrdəki nəticələrin ləğvi tələb edilə bilər. Bu da şübhəsiz ki, 80% fərq olan bir seçkinin ümumi nəticələrinə təsir edə bilməz.
Digər tərəfdən, xalq da, hakimiyyət də, müxalifət də, beynəlxalq aləm də İlham Əliyevin bu seçkilərdə qətiyyətli qələbəsinə əmin idi. Belə olan halda, hakimiyyət nədən seçkiləri saxtalaşdıraraq özünə heç nədən baş ağrısı yaratsın ki? Bu olduqca absurddur və ən primitiv məntiq də ədalətli, azad seçkilərin keçirilməsinin daha məqsədəuyğun olduğunu söyləyir. Çünki bu, İlham Əliyevin xalq tərəfindən nə dərəcədə sevildiyini beynəlxalq aləmə göstərməyə imkan verəcəkdi. Elə belə də oldu.
Seçkilərin nəticəsinin tanınmamasına gəlincə, belə bir hal mümkün deyil, çünki əgər bir oyunu oynanırsa, o zaman o oyun qaydalarına görə oynanmalıdı r. Qalib gələn tərəf 1 səs fərqi ilə qalib gəlmiş də olsa, uduzan tərəf onun rəhbərliyini qəbul etməlidir, çünki bu xalqın seçimidir və hər bir siyasi qrup və ya partiya xalqın seçiminə hörmət etməlidir. 80 % fərqlə qalib gələnin nəticəsinin tanınmaması isə heç bir çərçivəyə sığmır.
Müxalifət isə, məğlubiyyəti ilə barışmaq əvəzinə, yenə də başqa yerlərdən kömək ummağa başladı və uduzan liderini Avropaya, dəstək axtarmağa göndərdi. Bu isə ən azından xalqa, onun seçiminə hörmətsizlikdir və xalqın buna reaksiyası daha sərt ola bilər.
www.newtimes.az