"Azərbaycanda problemli kreditlərin həcmi 500 milyon manatdan çoxdur" - İqtisadçı səbəbi açıqladı

"Azərbaycanda problemli kreditlərin həcmi 500 milyon manatdan çoxdur" - İqtisadçı səbəbi açıqladı
SOSİAL
17:46 13.11.2025
109
Milli Məclisin deputatı Zahid Oruc 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərək qeyd edib ki, problemli kreditlərin həcmi 500 milyon manatdan çoxdur. 

O deyib ki, hazırda ölkədə məhkəmə qərarlarının təxminən 420 mini bank kreditləri ilə bağlıdır və bu, məhkəmə sisteminə ciddi təzyiq yaradır. Halbuki devalvasiya dövründə bu göstərici 1,2 milyard manat təşkil edib. Zahid Orucun sözlərinə görə, banklar çox vaxt vətəndaşların ödəmə qabiliyyətini bildikləri halda, geri qaytarılması mümkün olmayan kreditlər təqdim edirlər. "Bu, əhaliyə yardım deyil, əksinə, zərərdir,” - deputat vurğulayıb. 

İqtisadçı-alim Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında deyib ki, problemli kreditlərin həcminin artmasının bir neçə səbəbi var:

"Problemli kreditlərin həcminin artmasının bir neçə səbəbi var. Bunlardan birincisi bir-birini qarşılıqlı şəkildə artıran iki amildir. Birincisi, bankların mümkün qədər aşağı şərtlərlə, yəni geri ödəniş qabiliyyəti tam və dəqiq qiymətləndirilmədən kreditlər təqdim etməsidir. Burada söhbət aşağı şərtlər dedikdə faiz dərəcəsi nəzərdə tutulmur. İkincisi isə müştərilərin öz gəlir və geri ödəmə imkanlarını düzgün hesablamadan kredit götürməsidir. Nəticə etibarilə bu, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır”.

İqtisadçı bildirib ki, burada həm də mental faktorlar mühüm rol oynayır:

"Burada həm də mental faktorlar mühüm rol oynayır. Çünki insanların böyük əksəriyyəti istehlak kreditlərinə üstünlük verir. Bu kreditlərə ev, məişət avadanlıqları, avtomobillər, mobil telefonlar və digər texnikaların alınması daxildir. Hazırda istehlak kreditlərinin həcmi sürətlə artır və problemli kreditlər arasında da məhz istehlak kreditlərinin xüsusi çəkisi daha yüksəkdir”.

E.Əmirov qeyd edib ki, ümumi mənzərə heç də qorxulu səviyyədə deyil:

"2018-ci ildə ölkənin kredit portfeli 12 milyard manat olduğu halda, problemli kreditlərin həcmi 1,8 milyard manata yaxın idi. Bu isə ümumi kredit portfelinin təxminən 15 faizini təşkil edirdi. Başqa sözlə, götürülən hər 100 manatın 15 manatı geri qaytarıla bilməyib. Bu gün isə ölkədə 29 milyard 276 milyon manat kredit portfelidir. Onun cəmi 1,7 faizi vaxtı keçmiş, yəni problemli kreditlərdir. Bu, o deməkdir ki, hər 100 manatdan cəmi 1 manat 70 qəpik geri qaytarılmayıb. Halbuki 2018-ci ildə bu göstərici hər 100 manata görə 15 manat idi”.

İqtisadçı-ekspert vurğulayıb ki, hazırki vəziyyət sektorun yaxşılaşdığını göstərir:

"Dünyada bu sektoru tənzimləyən mərkəzi banklar hesab edir ki, problemli kreditlərin həcmi 5 faizi keçəndə vəziyyət artıq riskli hesab olunur və ciddi addımlar atılmağa başlanır. Hazırkı mərhələdə isə görürük ki, kredit portfeli 12 milyard manatdan 30 milyard manata qədər artıb, lakin problemli kreditlərin payı 15 faizdən 1,7 faizə enib. Bu da sektorun sağlamlaşdığını göstərir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR