Baş Prokurorluq təhsil sahəsində aşkar edilmiş yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.Qurumun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rektor müavini Mustafayev Vahid Qaflan oğlunun qanunsuz əməlləri barədə daxil olmuş material araşdırılıb.Müəyyən edilib ki, V. Mustafayev Vəliyeva Aygün Seyfəddin qızının filialın qiyabi şöbəsinə rəsmi qəbul imtahanlarından kənar qəbul etdirilməsi üçün atası Seyfəddin Vəliyevdən 2007-ci ildə 3.200 ABŞ dolları, 2007-2011-ci tədris illəri üzrə hər semestr üçün çəkiləcək xərc, eləcə də A. Vəliyevanın guya təhsilini həmin filialda başa vurması barədə diplom veriləcəyi adı ilə ayrı-ayrı vaxtlarda 1.900 manat məbləğində pulu aldatma yolu ilə alaraq 2012-ci ilin iyun ayında A. Vəliyevanın adına saxta diplom təqdim edib.