Azərbaycanda qəbir yeri tapmaq müşkül məsələyə çevrilib - Deputat səbəbləri açıqladı

Azərbaycanda qəbir yeri tapmaq müşkül məsələyə çevrilib - Deputat səbəbləri açıqladı
SOSİAL
15:16 13.02.2026
652
Ölkənin müxtəlif bölgələrində, o cümlədən Sumqayıt qəbiristanlığında torpaq sahələrinin əvvəlcədən alınaraq daha yüksək qiymətə satılması ilə bağlı narazılıqlar artır. İddialara görə, bəzi şəxslər qəbir yerlərini ucuz qiymətə əldə edib sonradan yaxınlarını dəfn etmək istəyən ailələrə baha təklif edirlər. bu hal yaxınlarını dəfn etmək istəyən ailələr üçün əlavə maddi çətinlik yaradır. Sakinlər bu halın sosial həssas məqamdan sui-istifadə olduğunu bildirirlər. 

Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələ qarşı effektiv tədbirlər görülmür:

"Uzun illər qəbiristanlıqlarda qəbir yerlərinin əvvəlcədən "tutulub” sonradan digər vətəndaşlara dəfn məqsədi ilə pul qarşılığında verilməsi adi praktikaya çevrilib. Bu hal nə tək-tükdür, nə də gizlidir. Əslində bu problemdən dövlət qurumlarının və aidiyyəti strukturların da xəbəri var. Amma uzun müddətdir ki, bu açıq qanunsuzluğa qarşı effektiv tədbirlər görülmür və nəticədə qanunsuz praktika adiləşir”.

Deputat qeyd edib ki, qəbiristanlıqlarda qəbir yerləri vətəndaşlara ödənişsiz verilməlidir:

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qəbiristanlıqlarda qəbir yerləri vətəndaşlara ödənişsiz verilməlidir. Qəbir yeri dövlətin və ya bələdiyyənin balansında olan torpaq sahəsidir və heç bir şəxs bu yerləri "öz adına çıxara”, ehtiyat üçün saxlayıb sonradan başqasına pul qarşılığında verə bilməz. Bu cür "razılaşmalar” hüquqi baxımdan əsassızdır və qanunvericiliyin tələblərinə ziddir”.

Parlamentari vurğulayıb ki, qanunsuz praktikanın qarşısı dərhal alınmalıdır:

"Ən ciddi problem isə bu sahədə nəzarət mexanizminin işləməməsidir. Qanunsuz ödənişlər illərdir hamıya məlum olduğu halda, məsul şəxslər cəzalandırılmır. Nəticədə vətəndaş yaxınını itirdiyi vaxtda, əlavə maddi təzyiqlə üz-üzə qalır. Bu praktikanın qarşısı dərhal alınmalı, qəbir yerlərinin verilməsi vahid qaydalarla şəffaf şəkildə tənzimlənməli, qanunsuz pul tələb edənlər barəsində hüquqi tədbirlər görülməlidir. Əks halda, qanunda ödənişsiz nəzərdə tutulan xidmətin faktiki olaraq pullu xidmətə çevrilməsi dövlətin nüfuzuna da, vətəndaşın ədalət hissinə də zərbə vurur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR