Xəbər verdiyimiz kimi, Azərbaycanda siqaretlərin qiyməti qalxıb. Bir çox siqaretlərin blok qiyməti artıb. Blok qiymətinin yüksəlməsinin siqaretlərin pərakəndə satış qiymətində də 30-40 qəpik arası artıma səbəb olacağı gözlənilir.
İqtisadçı-ekspert Razi Abbasbəyli AZXEBER.COM-a bildirib ki, sözügedən artım aksiz vergisi ilə bağlıdır:
"Azərbaycanda siqaret və digər tütün məmulatlarının qiymətlərinin bahalaşmasının əsas səbəbi yanvar ayının 1-dən vergi məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsidir. Belə ki, yeni vergi məcəlləsinə əsasən ölkəyə idxal edilən hazır istehsal olunmuş hər min ədəd siqaret üçün nəzərdə tutulan aksiz vergisi 16 manatdan 25 manat 50 qəpiyə qədər artırılıb. Nəticədə idxal xərclərinin və maya dəyərinin yüksəlməsi siqaretlərin qiymətlərinin bahalaşmasına səbəb olub”.

Ekspert qeyd edib ki, Azərbaycan xarici ölkələrdən istehsal olunmamış tütün məhsullarını xammal şəklində idxal edir:
"Azərbaycan xarici ölkələrdən istehsal olunmamış tütün məhsullarını xammal şəklində idxal edir və ölkə daxilində qablaşdırma prosesi həyata keçirilir. Lakin bu, ümumi bazarın cəmi 35 faizini təşkil edir. Qalan 65 faiz məhsul isə hazır siqaret şəklində idxal olunur ki, qiymət artımı da əsasən məhz bu kateqoriyaya aid məhsullarda müşahidə edilir. Hökumət eyni zamanda ölkədə tütünçülüyün inkişaf etdirilməsi məqsədilə idxalda aksiz vergilərini artırmaqla daxili bazarda rəqabət imkanlarını qorumağa və yerli istehsalı stimullaşdırmağa çalışır. Bu addımlar dövlət proqramının tərkib hissəsi və strateji istiqamətlərindən biri kimi qiymətləndirilir”.
R. Abbasbəyli deyib ki, Azərbaycanda tütün məmulatlarının tədarükü ilə bağlı vəziyyət qənaətbəxş deyil:
"Son illərdə tütün əkilən sahələrin həcmi azalıb, eyni zamanda tədarük göstəriciləri də aşağı düşüb. Dövlət proqramında nəzərdə tutulan hədəflərə təxminən 35–40 faiz səviyyəsində nail olunub. 2024-cü ildə 2023-cü illə müqayisədə tütün əkilən sahələr bir dəfədən çox azalıb. Eyni zamanda tədarük edilən tütün məhsullarının həcmi təxminən 70 min ton azalıb. Dövlət proqramında müəyyən edilmiş hədəflərə çatılmaması nəticəsində idxaldan asılılıq artıb. Xarici valyuta ilə bağlı idxal təzyiqləri də nəzərə alındıqda, qiymətlərin bahalaşması qaçılmaz olub və bu prosesin davam edəcəyi gözlənilir. Bazarda süni və psixoloji təsirlər nəticəsində yaxın dövrdə əlavə olaraq 5–10 faiz həcmində növbəti qiymət artımının baş verə biləcəyi istisna edilmir”.

İqtisadçı Xalid Kərimli isə bildirib ki, kəskin qiymət artımı müşahidə edilmir:
"Aksiz vergisi ilə bağlı müəyyən artımlar baş verir. Amma kəskin artımlar yoxdur. Siqaret asılılıq yaratdığı üçün məhdud qiymət artımları alıcı davranışlarına ciddi təsir göstərmir. Hökumət isə vergiləri artırmaqla siqaret çəkən şəxslərin büdcəyə daha çox ödəniş etməsini təmin etməyə çalışır”.
Şahanə Ziyad










































