Bakı şəhər sakini, 38 yaşlı Lalə Abdullayeva qarşılaşdığı dələduzluq əməli ilə bağlı redaksiyamıza müraciət edib. O bildirib ki, 4 il əvvəl tanış olduğu esktrasens Tamilla Salamova tərəfindən 260 min manat pulu mənimsənilib. Lalə xanım övladı olmadığı üçün son çıxış yolunu ekstrasensdə görüb və onun qəbuluna gedib.
"2013-cü ilin mart ayında Tamilla Salamovanı tanımışam. Uzun müddət həkimlərə müraciət etsəm də, 13 ildir ki, övladım olmur. "Lider” kanalında Zabir Əliyevin təqdimatındakı "Ekstra hiss” verilişinə baxarkən Tamilla Salamovanın ekstrasenslik qabiliyyətinə güvəndim. Zəng etdim, köməkçisi dedi ki, "yer çoxdu, səni 2 gün sonrakı növbəyə yazıram”. 2 gündən sonra Zığda yerləşən ofisinə getdim. Ofisdə məni özünü Tamillanın köməkçisi kimi qələmə verən Leyla adlı qadın qarşıladı. Amma sonra mənə bəlli oldu ki, bu qadın Tamilla Salamovanın öz qızıdı və əsl adı Leyla yox, Simadı. Qəbula getdiyim ilk gündən etibarən Tamilla mənə çoxlu ümidlər verirdi, mən çarəsiz idim, hətta bir balaca ümidə ehtiyacım varıydı.
Amma bilmirdim ki, bu qadın mənim başıma nə oyunlar açacaq.
İlk dəfə qəbulunda olanda baxan kimi dedi ki, "övladın da olacaq, hətta işində böyük uğurlar görürəm”. Bu zaman mən hansı işlə məşğul olduğumu, ölkəmiz üçün böyük layihələr hazırladığımı dedim.
2 gün sonra qızı Sima mənimlə əlaqə saxladı. Dedi ki, anam səninlə təcili görüşmək istəyir, onun qəbuluna get. Məsələnin nə yerdə olduğunu Leyladan soruşanda dedi ki, anam sənin işinlə bağlı bir neçə vəzifəli şəxslərlə danışıb, bu adamlar işində sənə köməklik göstərəcəklər.
Dənizə yıxılan adam ilana sarılır misalı, mən də Tamillaya inandım. Övladım yoxdu deyə fikirləşdim ki, uşaq olmursa, heç olmasa işimi qurum, həyatda tutunacaq nəyimsə olsun. Tamilla mənə dedi ki, narahat olma, sənin quracağın layihəni həyata keçirmək çox asandır. Zabir Əliyev onu elə reklam edirdi ki, inanın, elə bil bütün çarələrin hamısı Tamilladadı. İnandım, həyatda nələrinsə qaydasında getməyini çox istədim...
Tamillanın Zığdakı ofisində vəzifəli şəxsləri də görürdüm. Düşünürdüm ki, bu şəxslər Tamillaya inanırsa, onun bir sözü ilə hərəkət edirlərsə, yəqin mənim işimə də köməklik göstərər”.
Şikayətçi qeyd edir ki, Tamilla Salamovanın qızı Sima ilə mütəmadi telefon əlaqəsi saxlamağa başlayıb. Hətta onların ailəvi olaraq gediş-gəlişləri də olub:
"Bir müddət sonra qızı ilə dostluq münasibətim yarandı, biri-birimizə sirrimizi də deyirdik. Bu ərəfədə mən Simaya 13-14 yaşımdan bəri yığdığım 80 min manat pulum olduğunu dedim. 3 gün keçdi, qızı zəng elədi, ağlaya-ağlaya dedi ki, "Lalə, anamı banditizmə aparırlar, ilişib, 120 min manat pul istəyirlər. Anamın 40 min manatı var, 80 min çatmır. Bizə kömək elə, 80 min manat ver, biz 1 aya verəcəyik. Bundan əvvəl məndən iki dəfə 10 min manat istədilər, mən də verdim, deyirdilər ki, 20 günə qaytarırıq, amma 15 günə verirdilər. Sonra bildim ki, onlar bu yolla mənim güvənimi qazanmağa çalışırdılar. Mən də razılaşdım və 80 min manatı ofisdə Tamillanın özünə verdim. Üstündən 1 həftə keçdi, qızı mənə yenidən zəng elədi ki, yüksək vəzifəli məmur anamı çağırıb, anam sənin işinlə bağlı məsələni danışıb, amma 120 manat pul lazımdır ki, bu işi həyata keçirmək mümkün olsun. Mən dedim ki, "sizdə 80 min manatım var, onu qaytar və danış 120 mindən aşağı olsun”. Bu zaman dedi ki, "sən mənim anamı pis vəziyyətdə qoydun, onu aparacaqlar, anamı yalançı çıxardın. 120 min manat pulum olmadığını desəm də, nə qədər zəng elədilər, gah Tamillanın özü, gah qızı zəng edib deyirdi ki, dəqiqdir, mənim işimi düzəldəcəklər. Atamdan istədim, bir az ətrafımdakılardan borc aldım, qızıllarımı satdım və 120 min manatı yenidən Zığdakı ofisdə Tamillaya verdim. Dedi ki, Novosibirskdən pul gözləyirlər. "Əgər sənə təcili pul lazım olsa, həmin puldan 80 min manatını sənə verərik”.
Onların dedikləri bütün vədlərə inandım, inanmaqdan başqa çarəm də qalmamışdı. Tamilla həmişəki kimi tezliklə internet saytımın açılacağını və işlərimin qaydaya düşəcəyini deyərək məni inandırdı. Bir müddət keçdikdən sonra mən heç bir yenilik olmadığını görüb Tamillaya müraciət etdim.
O, bir az gözləməyimi və səbrli olmağımı tapşırdı. Mən tez-tez onların yanına gedib-gəlməyə, 200 min manatı tələb etməyə başladım, əks halda polisə müraciət edəcəyimi dedim. Tamilla mənə bildirdi ki, o, pulu qaytara bilmir. Pul barədə söhbət ola bilməz. O mənə təklif etdi ki, 350 min manat dəyərində ev-ofisi var. Onu guya mənə 260 min manata verə bilər.
O mənə təklif etdi ki, əlavə 60 min manat verim, həmin evi mənim adıma rəsmiləşdirsin. Mən külli miqdarda pulumun itirildiyini görüb, heç olmasa, pulumun bu yolla qaytarılacağına ümid edib özümün "Qarayev” metrosunun yanında yerləşən ikiotaqlı mənzilimi Tamillanın vasitəçiliyi ilə onun dediyi şəxsə 60 min manata satıb pulunu Tamillaya verdim. Mən özüm də bilmədən onun növbəti hiyləsinin qurbanı oldum və yeganə ümidim olan mənzilimi də itirdim”.
L.Abdullayevanın sözlərinə görə, bu olanlardan sonra T.Salamova yoxa çıxıb və telefon nömrələrini dəyişib:
"Çətinliklə Tamillanı tapsam da, o bildirdi ki, mənə bir qəpik də pul verməyəcək, pulu yoxdur. "Ancaq mən sənə bir yaxşılıq edə bilərəm ki, səninlə notariusda borc müqaviləsi bağlayaram və sənin pulunu hissə-hissə qaytarmağa çalışaram”. Mən əlacsız qalıb, onun sonradan mənim ona pul verməyimdən imtina edəcəyini fikirləşib 53 saylı notariat kontorunda onunla borc müqaviləsi bağladım. Biz notariat kontorunda olan zaman o, notariusda 235 min manata borc müqaviləsi bağladı. Mən borcun 260 min manat olduğunu bildirdim. Tamilla 25 min manatın maşında olduğunu bildirib dedi ki, çölə çıxanda 25 min manatı verəcək. Biz notariat kontorundan çıxdıqdan sonra mən ondan 25 min manatı tələb etdim. Tamilla pulu yadından çıxarıb evdə qoyduğunu bildirərək pulu verməkdən imtina etdi. Dəfələrlə ofisinə getsəm də, özünə və qızı Simaya zəng etsəm də, məni ölümlə hədələdilər. Tamillanın kürəkəni də neçə dəfə mənə hədə-qorxu gəlirdi”.
Çıxılmaz vəziyyətdə qaldığını görən L.Abdullayeva bu il iyun ayının 13-ü intihara cəhd edib və ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib:
"İndiyədək döymədiyim qapı qalmayıb. Ona görə də yeganə çıxış yolunu intiharda gördüm və buna getdim. Mənim intihar etməyimin tək səbəbi Tamilla Salamova, qızı Sima Xasıyeva, kürəkəni Azər Xasıyev, oğlu Orxan Salamov və Suraxanı İcra Şöbəsinin icra məmuru İlqar Muxtarovdur. Həmin gün çoxlu həb qəbul etmişdim. Ata-anam axşam məni iftara çağıranda otaqda huşsuz vəziyyətdə görüb təcili xəstəxanaya aparıblar”.
Məsələ ilə bağlı bir neçə məhkəmə prosesi keçirilib. Həm Suraxanı, həm də Yasamal Rayon Məhkəməsində L.Abdullayevanın xeyrinə qərarlar çıxarılıb. Lakin bu qərarların icrası baş tutmayıb. Hazırda kirayə yaşayan və 13 ildir övlad həsrəti ilə yaşayan L.Abdullayeva onun pulunu mənimsəyən şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edir:
"Hər dəfə evə gedəndə atamın gözündəki iztirab məni məhv edir. Mən sadəcə övladımın olmasını istəyirdim. Fikirləşdim ki, heç olmasa, işimdə uğur qazanım, ölkəmizlə bağlı arzusunda olduğum layihələri yerinə yetirim. İndi nə pulum var, nə də yaşamağa evim. Müalicə də ala bilmirəm, bütün gün ancaq sənədlər toplamaqla məşğulam”.
Xatırladaq ki, Tamilla Salamova əvvəllər də dələduzluq əməli ilə bağlı həbs edilərək məsuliyyətə cəlb edilib.