Toyda görüşərik...
Bir neçə gün öncə bir qız dostumla facebook-da belə bir söhbətimiz olmuşdu.
- Kəramət, səni toyuma çağırıram, hazırlaş. )))
- Oooo, doğurdan? Yazıq səni alanın gününə. ))))))
- Niyə elə deyirsən eee? Pisss! Adamı pərt eləyirsən. Küsdüm. Onsuz da pis gündəyəm dəə, sən də lap üstünə qoyursan eee. (((
- Yooo, yoo, küsmə, mənim şirin dostum! Yəni, ona görə yazıq dedim ki, sənin kimi gözəl bir qızı necə qoruyacaq?! ))) Asan iş deyil bu.
- Yaxşı görək, məzələnmə. Məni qorumağa ehtiyac yoxdur, özüm özümü qoruyaram.
- Paaaa, buna bax sən. Qorunmaq qadın üçün bir ehtiyacıdır. Qadın nə qədər güclü olsa belə, yenə kişi gücünə ehtiyacı olur.
- Həəə, orası elədir, düzdü. Sən neynirsən eee, iş-güc necədi?
- Belə də. Darıxmaqla məşğulam.
- Niyə darıxmaqla məşğulam?
- Mənim darıxmağım yaradıcı darıxmaqdı. ))) Roman yazıram, əsərdə qızla oğlan bir-birlərini dəli kimi sevirlər. Görüşmək istəyirlər, ama yer tapa bilmirlər. Bilmirəm, onları harda görüşdürüm. Oğlan qızı hara aparır, gah qardaşı çıxır qabağına, gah atası, gah əmisi oğlu. )))
- Həə, anladım. Dəlisən vallah sən. Evin açarlarını verim, gətir bizdə sevişsinlər, sabah evdə olmayacağıq. Rayona gedirik. )))
- Boş ver eee, bir yer tapacağam əvvəl-axır, sən narahat olma! Qonşular görüb söz eləyərlər. ))) Sən özündən danış e. De görüm, sevirsən, yoxsa evlənirsən?
- O nə deməkdir?
- Qadın bir dəfə sevər, bir dəfə də evlənər.
- Hmmm. Sən lap Platon kimi danışdın ee. Onda evlənirəm.
- Bildim elə.
- Nədən bildin?
- Elə də xoşbəxt görsənmirsən, şəkillərinə baxıram bayaqdan, nəsə kədərlisən sanki. Kədər gözündən yarpaq kimi asılıb, elə bil yüngülcə bir külək əssə, kədər gözündən qopub düşəcək. (((
- Yenə şair-şair danışma sən Allah. )))
- Doğurdan deyirəm. Ancaq bu kədər sənə çox gözəl yaraşır. Görürsən, bəzən kədər də lazım olur adama, ağrı da. Ağrı da bədənin bir hissəsidir axı.
- Kəramət, bilirsən necəyəm?
- Necəsən, mənim şirin dostum!
- Sən Allah məni ələ salma, ciddi danışacaqsansa, deyim.
- Ok. De görüm necəsən?
- Elə bil içim yuxdu, Kəramət. Məni anlayarsan yəqin. Sanki çölümdən - əlimdən, qolumdan, saçımdan ibarətəm. Niyə beləyəm, görəsən? Bu sözü sənə deyirəm, bilirəm ki, anlayacaqsan. Başqalarına deməyə qorxuram, məni lağa qoyacaqlar.
- Səni başa düşürəm, Gülnar! Ancaq sənə elə gəlir ki, sənin əlin, qolun, saçın var. İnan ki, onlar da için kimi yoxdu. Bu sənin əllərin deyil, əllərinin qabığıdır. Sən yoxsan. Yox ola-ola necə ərə gedirsən?
- Bəs mənim əllərim hanı?
- Əllərini sevdiyin oğlana vermisən, saçını da, ayağını da. Hər şeyin onda qalıb.
- Hə, düz deyirsən. Offff, bəs mən neyləyim?
- Bilmirəm.
- Ürəyim çox darıxır, arkadaş! Çox! Nə etdiyimi bilmirəm. Sevirəm, yoxsa sevmirəm. Yol gedə bilmirəm, həyatda müvazimətimi saxlamağa çətinlik çəkirəm. Elə istəyirəm ölüm.
- Öl də onda. Niyə durmusan? ))) İki-üç gün ağlayacaqlar, sonra yaddan çıxıb gedəcəksən, canın da qurtaracaq hər şeydən. )))
- Bax eee, yenə zarafatından qalmırsan. Mən bayaqdan dərdimi danışıram sənə. Ama sən zarafatlaşırsan. (((
- Yaxşı, yaxşı davam elə. Dinləyirəm.
- Yox eee Kəramət, məsələ burasındadır ki, mən yaşaya bilmirəm, adama deyərlər yaşaya bilmirsənsə, öl. Düzdü? Ama mən ölməkdən də qorxuram. Elə istəyirəm, hündür bir yer olsun, qəfl ayağım ilişsin, ordan yıxılıb ölüm. Yəni ölümüm ehtiyatsızlıqdan, təsadüfən olsun. Bilə-bilə özümü öldürməyə ürəyim gəlməz. Qorxuram.
- Ay qız, dəli olmusan sən? Nə gic-gic danışırsan?
- Nə bilim vallah, evdə söz soruşurlar məndən, key kimi qalmışam. Sözü eşidirəm, ama cavab verməyi unuduram. Fikirim ayrı yerə gedir, ama heç özüm də bilmirəm hara gedir.
- Keçmiş sevgin səni ildırım kimi vurub deyəsən.
- Həəə, özümü hiss eləmirəm.
- Bəs bu evləndiyin oğlan xoşuna gəlmir ki?
- Xoşuma gəlir ee, pis oğlan deyil. İşi-zadı da yaxşıdır. Görkəmi də normaldır. Amma nəsə mənə yapışmır ee, Kəramət! Birtəhərdi nəsə. Bilmirəm məni başa düşürsən, ya yox, ay dostum!
- Məsələn, nədədi birtəhərliyi?
- Vallah, hansın deyim heç özüm də bilmirəm. Həə, biri yadıma düşdü. Bir dəfə telefonda danışanda mənə deyir ki, bir dəqiqə gözlə tualetə dəyib gəlim. ((( Elə pisimə gəlir ki mənlə belə danışanda. Elə bil mənə kişi təsiri bağışlamır ee bu.
- Ay qız, öldüm eee gülməkdən. Bəlkə böyrəkləri xəstədi? )))) Bu nə sözdü danışır o? Bir az tərbiyyə elə dəə. )))
- Hələ üstəlik də mənə deyir ki bayaqdan danışırıq, sən heç tualetə getmirsən? (((((((((
- Yaxşı, yaxşı, danışma, anladım səni.
- Hansını deyim eee. O qədərdir ki. Bax belə düşük-düşük danışıqları məni uzaqlaşdırır ondan. Bilmirəm onun yanında necə yatacağam. Həm də ürəyimə yatmır eee. (((
- Ehhh, bu da sənin taleyindi dəə, mənim şirin dostum. Bax, məsələn, sən qəşəng qız idin, nə az, nə çox düz on ildir ki, tanıyıram səni. Hələ bir dəfə ağlımın ucundan keçməyib ki, səni alım. ))))) Yəni sən də kiminsə üçün maraqsızsan daaa. )))))
- Eee, bəsdi dəə, pisin biri pisssss! Guya gələn var idi sənə. Nə gündəsən sən, meymuna oxşayırsan. )))
- Paaa, iki dəqiqədən bir “gözlə tualetə dəyib gəlim” deyən sevgilindən ki yaxşıyam. )))
- Həə, düzdü. Sən təkcə ondan yaxşısan elə. )))
- İroniyan gözünə girsin. ((((
- Yoo, yoo, küsmə, sən meymunsan, ama şirin meymunsan daa. Yaraşıqlı meymunsan. )))
- )))) Neyləyəcəksən indi? Ürəyinə yatmayan oğlanla evlənəcəksən?
- Başqa çarəm yoxdu, neyləyim. 24 il ömür yaşamışam, innən belə də bir az yaşasam, bəsimdi dəə, birtəhər yola verim. Bilirəm ki, onsuz da innən belə heç kimi sevən zibil deyiləm.
- Hmmm. Bəs o sevdiyin oğlan necə oldu? Hara getdi?
- Vallah, heç bilmirəm hardadı. Düzünü desəm daha o da maraqlandırmır məni. Əvvəlki kimi deyil ona münasibətim. Düşünməkdən beynim yara olub ee lap. Bu nə həyatdı axı?
- Ama bir zamanlar dəlicəsinə sevdiyini deyirdin, noldu bəs?
- Həə, sevirdim, ama indi hər şey adiləşib. Sevgidə bütün sərhədləri keçdik, dayandıq düz mərkəzdə, ama ikimiz də peşman olduq sanki. Heç nə alınmadı bizdə. Ayrıldıq. O, çıxıb öz yoluna getdi, mən də ki, belə... Düzü, evləndiyim oğlan o olsaydı belə, yenə bu cür olacaqdım mənə elə gəlir.
- Yooo, elə olmazdın məncə. Dünyada bütün qadınlar eynidir, ancaq hər kişinin öz dadı var.
- Kəramət, mən sadəcə yaşa bilmirəm. Başa düşürsəəəəəəəən, YAŞAYA BİLMİRƏM!!! Bilmirəəəəəəəəm. Niyə yaşaya bilmədiyimi də ifadə eləyə bilmirəm, içimdə elə bil nəsə qırılıb, qırılıb, qırılıb. Nədir içimdə qırılan? Özüm də bilmirəm heç.
- Anladım, anladım. Əsəbləşmə! Özünü ələ al, şair demişkən, darıxma düzəlməyəcək. )))
- Offf, adam olmadın da sən, nə deyirəm, elə məzələnirsən. (((
- Nəysə, mən çıxıram. Hələlik.
- Ehhh, sən də əvvəlki Kəramət deyilsən eee, danışmaqdan qaçırsan, ama əvvəl elə maraqlı söhbətlər eləyirdin.
- Həə, məni də itirdin. ))))
- Oldu, sağ ol. Sən mənim ən sevimli arkadaşımsan. Səni çox, lap çox istəyirəm. Toyda gözləyəcəm haaa. Gəl mütləq. Yeganə şadlıq sarayındadı toy. Oktyabrın 17-də.
- Ok. 50 manat bəsdi? )))))
- ))) 50 atma, xırdala 50 dollor at. Üstündə qalan manat-munatla da toyda şəkil-zad çəkdirərsən, aşığa-maşığa verərsən. )))))
- Sən bilirsən nəsən, Allahın bicisən eee. Nəysə, mən exit. Byeeeee.
- Byeeee! Toyda görüşərik.
P.S. Bir həftədən sonra saytlarda bir xəbər oxudum. Xəbərin başlığı belə idi: “Toyuna 3 gün qalan qız evə qaz sızmasından dünyasını dəyişdi”. Xəbəri oxuyan kimi Gülnarın facebook səhifəsinə baxdım. Gördüm ki, ölümündən xəbəri olmayan dostları onun profilinə “Allah xoşbəxt eləsin”, ölümdən xəbəri olanlar isə “Allah rəhmət eləsin” yazıblar. Yaman kövrəldim.
Kəramət Böyükçöl
“Baku Post” qəzeti